Dünya Bankı Azərbaycanın ÜDM-nin 2026-cı ildə 1,8 %, 2027-cı ildə isə 1,7 % artacağını proqnozlaşdırır. Lakin Azərbaycan İqtisadiyyat Nazirliyi 2026-cı ildə ÜDM-in 2,9 %, 2027-ci ildə isə 3,3 % artımını proqnozlaşdırır. Dünya Bankının proqnozlarına əsasən, Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM artımı 2026-cı ildə 3,3 %, 2027-ci ildə isə 3,1 % səviyyəsində olacaq. 


 


Maraqlıdır, Cənubi Qafqaz üzrə 3 %+ artım fonunda Azərbaycandan gözlənilən zəif dinamika nə ilə izah oluna bilər? Gözləntilər arasında fərqlərin olması nədən qaynaqlanır və hansı daha real görünür?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan höküməti ÜDM artımını daha optimist proqnozlaşdırır, lakin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda daha aşağı göstəricilər var.


 



 


Onun sözlərinə görə, bu, Azərbaycanda neftin hasilatının azalması ilə əlaqəlidir:


 


“Hasilat azalır, bu və gələn il qiymətlərin daha aşağı olması gözlənilir. İstənilən halda, Azərbaycanın neftdən asılılığı hələ də həllini tapmayan bir problem olduğu üçün neftin həcmi azaldıqca, qiyməti düşdükcə Azərbaycanda makro iqtisadi göstəricilər, o cümlədən ÜDM-in artım tempi zəifləyir. Bu artıq beynəlxalq təşkilatlar tərəfindən də hesabatlarda öz əksini tapır”.


 


Firuzə Əliyeva

Sfera.az