ABŞ administrasiyası İranın enerji və bank sektorlarına, həmçinin ölkənin əsas siyasi və iqtisadi fiqurlarına qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. Bu barədə ABC ABŞ hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Eyni zamanda, Almaniya kansleri Fridrix Merts Avropa Birliyinin İranda davam edən etirazlar fonunda Tehrana qarşı əlavə sanksiyalar paketi üzərində işlədiyini açıqlayıb. Bu addım ABŞ və Avropa İttifaqının İranla bağlı mövqelərinin yenidən sərtləşdiyini göstərir.
Bəs bu tədbirlər ölkə daxilində sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdıra və etirazların genişlənməsinə səbəb ola bilərmi?
Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin İranın enerji və bank sektoruna, eləcə də ölkədəki əsas şəxslərə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırması, İranda onsuz da mövcud olan gərgin sosial-iqtisadi vəziyyət fonunda ciddi nəticələr doğura bilər.
Onun sözlərinə görə, Avropa Birliyinin də İrana qarşı yeni sanksiyalar üzərində işləməsi ABŞ-nin təzyiqini daha da gücləndirəcək:
“Bu addımlar təkcə iqtisadi sahədə deyil, eyni zamanda sosial və siyasi müstəvidə də İranın vəziyyətinə əhəmiyyətli təsir göstərə bilər. Hazırkı şəraitdə İranda artıq genişmiqyaslı etiraz aksiyaları keçirilir və bu etirazların əsas səbəbləri inflyasiya, ərzaq və enerji qiymətlərinin sürətlə artması, milli valyutanın dəyərdən düşməsidir. Sözügedən amillər ölkədə sosial narazılığı artırıb və dövlətin iqtisadi sabitliyi qorumaq imkanlarını xeyli məhdudlaşdırıb. Yeni sanksiyalar isə bu gərginliyi daha da dərinləşdirə bilər, çünki neft və bank sektoruna yönələn məhdudiyyətlər İranın əsas gəlir mənbələrini zəiflədir və beynəlxalq maliyyə əməliyyatlarını çətinləşdirir. Bu da dövlət büdcəsində defisitə, sosial proqramların ixtisarına və gündəlik xərclərin maliyyələşdirilməsində problemlərə yol aça bilər”.
Politoloq vurğulayıb ki, bank sektoruna tətbiq olunan sanksiyalar valyuta çatışmazlığını dərinləşdirə və inflyasiyanı daha da sürətləndirmək imkanı var:
“Milli valyutanın dəyərdən düşməsi fonunda bu təzyiqlər əhalinin alıcılıq qabiliyyətini daha da zəiflədəcək və kütləvi etirazlar üçün əlavə stimul yaradacaq. Əsas şəxslərə qarşı sanksiyalar isə xarici aktivlərin dondurulması və diplomatik təcridin gücləndirilməsi ilə rejimin manevr imkanlarını məhdudlaşdırır. Sosial və siyasi təsirlər isə daha mürəkkəb xarakter daşıyır. Molla rejimi sanksiyaları xarici düşmən obrazı üzərindən təqdim edərək daxili dəstəyi qorumağa çalışsa da, iqtisadi çətinliklər və artan sosial gərginlik etirazların davamlılığını və şiddətini artırmaq potensialına malikdir. Bu baxımdan ABŞ və Avropa Birliyinin sanksiyaları İran üçün çoxşaxəli təzyiq mexanizmi rolunu oynayır. İqtisadi imkanları məhdudlaşdırır, sosial narazılığı dərinləşdirir və siyasi təcridi gücləndirir. Odur ki, yeni sanksiyaların İranın iqtisadi və sosial sabitliyinə ciddi təsir göstərəcəyi qənaətinə gəlmək mümkündür; qısaca desək, ABŞ və AB-nin bu addımları ölkənin mövcud çətin vəziyyətini daha da ağırlaşdırmaq potensialına malikdir”.
Niyaz Hacıyev
Sfera.az