ABŞ Prezidenti Donald Trampın İrana yönəlik “kömək yoldadır” ifadəsi beynəlxalq arenada müzakirələrə səbəb olub.


 


Sfera.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, jurnalistlərin bu açıqlama ilə nəyi nəzərdə tutduğu barədə suallarına cavab verən Tramp, bunun nə demək olduğunu hamının “özünün anlamalı olduğunu” bildirib. ABŞ prezidenti İranda baş verən etiraz aksiyalarının zorakılıqla dağıdılması fonunda Tehrana qarşı atıla biləcək addımlara da toxunub. Tramp qeyd edib ki, İranı cəzalandırmaq üçün nəzərdən keçirilən variantlar sırasında hərbi əməliyyatlar da var.


 


“Qətl məsələsi ciddi görünür, lakin hələlik əlimizdə dəqiq məlumat yoxdur. Biz vəziyyətə uyğun şəkildə hərəkət edəcəyik”, – deyə Tramp vurğulayıb. Trampın sosial mediada paylaşdığı “kömək yoldadır” mesajı Tehranın kəskin reaksiyasına səbəb olub. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani açıqlamasında ABŞ prezidentini zorakılığı qızışdırmaqda ittiham edib.


 


Diplomat bildirib ki, Trampın bəyanatları İranın suverenliyini və milli təhlükəsizliyini təhdid edir, eyni zamanda ölkədə hökuməti qeyri-sabitləşdirməyə yönəlib. İrəvani beynəlxalq ictimaiyyəti bu cür açıqlamalara diqqətlə yanaşmağa çağıraraq, ABŞ-nin daxili işlərə müdaxilə etməsinin regionda daha böyük gərginlik yarada biləcəyini qeyd edib.


 


Bəsti Rəfizadə


Sfera.az