ABŞ və Ermənistan TRIPP layihəsinin reallaşdırılması ilə bağlı birgə bəyannamə qəbul ediblər. Sənəd tərəflərin regional nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasına dair əməkdaşlığı gücləndirmək niyyətini ortaya qoyur.
Birgə bəyannamənin qəbulundan sonra əsas sual yaranır: dəhlizin bərpası istiqamətində hansı konkret və praktiki addımlar atılacaq? Qarşıdakı mərhələdə texniki, hüquqi və siyasi proseslər necə formalaşacaq və bu təşəbbüs regionda nəqliyyat-logistika balansına hansı təsirləri göstərəcək?
Politoloq Əziz Əlibəyli Sfera.az-a açıqlamasında bildirib ki, hüquqi və texniki sənədləri Ermənistan hökuməti hazırlayır.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla da məsləhətləşməlidir, çünki Azərbaycan və Naxçıvan arasındakı nəqliyyat bağlantısını məhz bu sənədlər təmin etməlidir:
“ABŞ və Ermənistan arasında müəssisə yaradılır ki, bu da strateji qərarların qəbul olunması baxımından olduqca vacibdir. Yeri gəlmişkən, prosesdə Ermənistanın söz sahibi olması Azərbaycan üçün daha yaxşı variant hesab oluna bilər. Bu il dəhlizin tikintisinə başlanılması nəzərdə tutulur və Azərbaycan Ermənistana göndərilən yüklərlə bağlı məhdudiyyəti artıq aradan qaldırıb”.
Politoloq qeyd edib ki, TRİPP layihəsi çərçivəsində bütün bu məqamları görəcəyik:
“TRİPP layihəsi və Zəngəzur dəhlizi müxtəlif adlarla təqdim olunsa da, mahiyyət etibarilə regionda yeni nəqliyyat arteriyasının yaradılmasını nəzərdə tutur. Cənubi Qafqazda Amerikanın təsirinin gücləndiyini müşahidə edirik. Eyni zamanda Çin Rusiya–İran blokuna qarşı müəyyən balans formalaşdırır. Bu baxımdan Azərbaycanın Naxçıvanla birləşməsini türk dünyası ilə inteqrasiyanın mühüm bir hissəsi kimi qiymətləndirmək olar”.
Niyaz Hacıyev
Sfera.az