Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılması üçün konkret tarix müəyyən edib. Hökumətə yaxın mənbələr əminliklə bildirirlər ki, Paşinyan komandası qarşısında yanvar ayı ərzində bütün səyləri göstərmək və nəyin bahasına olursa-olsun, II Qareginin taxtdan uzaqlaşdırılmasına nail olmaq tapşırığı qoyub.
Qareginin uzaqlaşdırılması Ermənistan cəmiyyətində hansı reaksiyalara səbəb olacaq? Həqiqətən, yanvar ayı ərzində o, vəzifəsindən gedəcəkmi?
Sfera.az-a mövcud suallarla bağlı münasibət bildirən siyasi şərhçi Tural İrfan bildirib ki, Ermənistanda dövlət-din münasibətlərindəki gərginlik siyasi hakimiyyət üçün maneəyə çevrilib:
“Kilsə bir çox məsələdə dövlətin işinə qarışır və ya hakimiyyətə can atır. Bunun əsas səbəbi Rusiyanın təsiridir. Baş nazir Paşinyan isə kilsəni bu təsirdən azad edib müstəqilləşdirmək istəyir. Qareginin istefa verməməsi vəziyyəti daha da gərginləşdirməyə hesablanıb. O, qəsdən istefa vermir ki, çaxnaşma yaransın, vəziyyət qarışsın, bəlkə Rusiyanın xeyrinə nəsə baş tutdu”.
T. İrfan qeyd edib ki, Ermənistan cəmiyyəti də Baş naziri anlayır və Qareginin addımlarını təqdir etmir:
“Təbii ki, qısa müddətdə onu uzaqlaşdıracaqlar. Çünki uzun müddətdir bu istiqamətdə işlər aparılırdı. Onun dayaqları, xarici əlaqələri, kəşfiyyat orqanları ilə münasibətləri təftiş olunub və artıq qərar vaxtıdır. Qaregin əslində özünə ikinci bir dövlət qurub, xarici ölkələrin maraqlarına xidmət edirdi. Onun bu yolla uzaqlaşdırılmasına da məhz xarici dayaqları səbəb oldu. Təbii ki, Ermənistan cəmiyyətində Rusiyaya bağlı zümrə, eləcə də sabiq prezidentlərin tərəfdarları var və onlar müəyyən etirazlara meyl göstərə bilərlər. Amma Paşinyan istədiyinə nail olacaq”.
Fidan Hacızadə
Sfera.az