Fransa Ukraynanın 90 milyard avroluq Avropa İttifaqı (Aİ) kreditindən ABŞ yox, Avropa istehsalçılarından silah almaq üçün istifadə etməsində israr edir.
Fransanın bu mövqeyi Ukraynanın silah əldə etməsini çətinləşdirəcəyi və Avropa istehsalçılarının “Patriot” hava hücumundan müdafiə sistemi də daxil olmaqla, bəzi ABŞ silahlarına alternativ olmadığını düşünən Almaniya və Niderlandla fikir ayrılıqlarına səbəb olub.
Maraqlıdır, bu məsələdə Almaniya və Niderlandın narahatlığı nədən qaynaqlanır? Həmçinin, Fransa niyə Ukraynanın ABŞ yox Avropa silahlarını almasını istəyir?
Mövzu ilə bağlı siyasi şərhçi Şakir Ağayev Sfera.az-a açıqlama verib. Onun fikrincə, bu məsələ artıq Avropa İttifaqının öz daxilində də fikir ayrılığı yaradıb:
“Bilirsiniz ki, Almaniya və Niderland Amerika silahlarının alınmasının tərəfdarıdır. Fransa isə Avropa silahlarının tərəfdarıdır. Biz də bilirik ki, Amerika bu gün Ukraynaya müharibənin əvvəlində olduğu kimi təminatlı şəkildə silah vermir. Silahları NATO dövlətlərinə satır, onlar da öz pulları ilə alıb Ukraynaya verirlər. Hətta Tramp bunu heç kimdən gizlətmədən qeyd edib ki, ABŞ Ukrayna müharibəsindən pul da qazanıb, yəni silah satmaqla. Ukraynada əsasən “Patriot” hava hücumundan müdafiə sistemlərindən istifadə olunur və bunlar da Amerika istehsalıdır. Yəni bu hava hücumlarından müdafiəni təmin etmək üçün mütləq Amerika silahları lazımdır. Amma Fransa istəyir ki, Ukraynada Avropa silahlarından istifadə edilsin, yəni bir çox silah növləri dəyişdirilsin və Avropa istehsalı olan silahlar tətbiq edilsin. Bu isə, çox təəssüf ki, uzun müddətdir deyilən bir fikri bir daha təsdiqləyir: Ukrayna Avropa üçün bir döyüş sınaq meydanına çevrilib. İstər Amerika, istərsə də Avropa Ukraynadan istifadə edərək öz hərbi-sənaye komplekslərini marketinq etmək istəyirlər. Ukraynadan istifadə edərək Rusiyanı zəiflətməyə və eyni zamanda öz mövqelərini gücləndirməyə çalışırlar. Təəssüf ki, burada əziyyət çəkən Ukrayna xalqı və Ukrayna dövlətidir”.
Ş.Ağayevin sözlərinə əsasən, Fransa istəyir ki, xüsusilə özü, bu pullar hesabına Avropanın silah sənayesini gücləndirsin, silah istehsalını artırsın və eyni zamanda bu silahları Ukraynaya versin:
“Avropa pulunun Amerikaya getməsini istəmir. Bu isə bir daha göstərir ki, təkcə Avropa ölkələri daxilində yox, Avropa ilə Amerika arasında da Tramp hakimiyyətə gəldikdən sonra yaranmış fikir ayrılıqları daha da dərinləşir. Təbii ki, bunun başqa tərəfləri də var, amma hazırda Ukrayna məsələsindən danışırıq. Bu, Amerika ilə Avropa arasında təhlükəsizlik və silah təchizatı ilə bağlı mövcud fikir ayrılıqlarıdır. Digər tərəfdən, Fransa sadəcə olaraq istəmir ki, Amerika Avropanın pulları hesabına öz hərbi-sənaye kompleksini zənginləşdirsin; bu sahədə üstünlüyü özü əldə etmək istəyir. Bütün bu qarşıdurmalar isə, təbii ki, Ukrayna üçün ağır nəticələr doğurur və bundan ən çox əziyyət çəkən Ukrayna Silahlı Qüvvələri olacaq. Bu fikir ayrılıqları hətta silahların vaxtında və lazımi həcmdə Ukraynaya çatdırılmasına da çətinlik yarada bilər ki, bu da Ukraynanın döyüş meydanında daha böyük uğursuzluqları ilə nəticələnə bilər. Bütün bunları yekunlaşdıraraq demək olar ki, Ukrayna yenə də Avropa üçün bir alətə çevrilib. Avropa Ukraynadan sadəcə olaraq Rusiyaya qarşı istifadə olunan bir vasitə kimi yararlanır”.
Bəsti Rəfizadə
Sfera.az