ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana müdaxilə ilə bağlı qərar qəbul edilib. Xarici analitiklər bildirir ki, müdaxilə dedikdə İranın bombalanması nəzərdə tutulur.
İndiki vəziyyətdə ABŞ və İsrail hansı hədəfləri vura bilər?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əli Mustafa İranda siyasi rəhbərliyin vurulma ehtimalının olduğunu bildirib:
”Hətta Tramp bəyan edib ki, “kömək yoldadır”. Belə bir ehtimal var ki, ABŞ İranı bombalaya bilər. Siyasi rəhbərliyin vurulması ehtimalı mövcuddur. Ola bilər ki, SEPAH qərargahları hədəf alınsın. Başqa bir məlumat da var ki, ABŞ İranla anlaşaraq İsrailin İranı vurmasına razılıq verə bilər. Eyni zamanda, Amerikanın İranla bağlı artıq sanksiyalarla əlaqədar konkret qərar qəbul etdiyi barədə də məlumatlar yayılıb. Konkret olaraq, İranla alış-veriş edənlərə əlavə 25 faiz vergi və tariflərin tətbiq edildiyi bildirilir. Yəni, əgər tariflər müəyyənləşdirilibsə və sanksiyalar sərtləşdirilibsə, bu halda hərbi müdaxilə ehtimalının azalması da mümkündür. Ümumilikdə Trampın əvvəlki açıqlamalarında İrana qarşı “çox güclü seçimlərə” malik olduğunu deməsi xatırlanır. Sonrakı açıqlamalarında isə o, rəhbərliklə hər hansı danışıq aparmaq fikrində olmadığını bildirib və bunu insanlara qarşı tətbiq olunan zorakılığa etirazla əsaslandırıb. Burada xüsusi olaraq bir məqamı da qeyd etmək lazımdır. ABŞ öz vətəndaşlarına İranı təcili tərk etməyi tövsiyə edib. Bu, olduqca ciddi siqnaldır və müdaxilənin an məsələsi ola biləcəyini göstərir. Belə halda əsas hədəflərin ali dini lider Xamenei və SEPAH strukturları olacağı ehtimal edilə bilər. Yəni, mümkün zərbələrin ağırlıq mərkəzi daha çox bu istiqamətdə cəmlənə bilər. Lakin bir məsələ də var ki, İran tərəfi də Amerikanın regiondakı bazalarını və İsraili hədəf seçə biləcəyini bəyan edib. Bu isə prosesin ciddi risklər daşıdığını göstərir. Eyni zamanda, Tramp Administrasiyası daxilində bu məsələdə fikir ayrılıqlarının olduğu və hələlik yekun qərarın verilmədiyi ehtimalı da var”.
Politoloq Trampın meyadan çağırışlarına da diqqət çəkib:
“Əgər bu addımlar atılarsa, böyük ehtimalla SEPAH hədəf seçiləcək və xüsusilə də xalqa qarşı zorakılıq tətbiq edən təhlükəsizlik qüvvələrinin toplandığı bazalar və qərargahlar vurula bilər. Düşünürəm ki, yaxın günlərdə, hətta bu həftə ərzində bu məsələlər daha aydın şəkildə ortaya çıxacaq. Bir məsələni də xüsusilə vurğulamaq lazımdır ki, hazırda İranda baş verən hadisələr olduqca xoşagəlməzdir. İnsanların, etirazçıların və mühafizəçilərin kütləvi şəkildə öldürülməsi, baş verən qətliamlar, bütün bunlar təbii ki, Trampı müəyyən konkret addımlar atmağa məcbur edən amillərdir. Bu, təəssüf doğuran bir haldır. İran hakimiyyətinin bu qədər kütləvi zorakılığa yol verməsi düzgün deyil. Əgər orada terrorçu elementlər varsa, onları zərərsizləşdirməyin yolları mövcuddur. Lakin bunu bəhanə edərək etirazçıların kütləvi şəkildə qətlə yetirilməsi yolverilməzdir. Hakimiyyətin atdığı bu addımlar və tətbiq etdiyi zorakılıq Trampın qarşısında sanki bir məsuliyyət və vəzifə yaradır. Çünki o, əvvəllər də etirazçılara çağırış etmişdi, indi də onları mübarizəyə və meydana çıxmağa səsləyir. Əgər meydana səsləyirsə, deməli, müəyyən mərhələdə özü də bu prosesə birbaşa müdaxilə edə bilər. Bu baxımdan ehtimal etmək olar ki, ABŞ tərəfindən seçilə biləcək hədəflər təhlükəsizlik qüvvələrinin bazaları, siyasi rəhbərlik və hətta ali dini rəhbərlik ola bilər”.
Fidan Hacızadə
Sfera.az