İsrailin Müdafiə və Təhlükəsizlik Forumunun rəhbəri Amir Avivin sözlərinə görə, İran hakimiyyəti yaxın dövrdə ciddi sarsıntı və mümkün süqut təhlükəsi ilə qarşı-qarşıyadır.


 


Onun fikrincə, qarşıdakı hadisələr regionun, eləcə də İsrailin gələcək taleyinə köklü təsir göstərə bilər. Amir Aviv qeyd edib ki, yaxın zamanda ABŞ-nin liderliyi ilə, İsrailin iştirakı və daxili etirazçıların dəstəyi fonunda genişmiqyaslı hərbi əməliyyatların baş verməsi ehtimalı var.


 


İran çöküş astanasındadırsa, ABŞ növbəti gedişini necə edəcək?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Natiq Miri bildirib ki, İrandakı rejimin hələlik çöküşündən danışmaq çox tezdir və konkret bu cür nəticə daha çox etirazın davamlı və güclənməsi ilə əlaqəlidir:


 



 


“Buna görə də bu etirazın davamlı olmaması və artan xətlə inkişaf etməməsi üçün İran rejimi kütləvi qırğına başlayıb. Yəni, bu iki gün ərzində minlərlə insanın müxtəlif şəhər küçələrində kütləvi olaraq güllələndiyi haqqında məlumatlar var. Bununla İran rejimi xalqın, etirazçıların gözünü qorxutmaq və repressiya ilə prosesi dayandırmaq istəyir. Ona görə də konkret iddialar bu etirazların davamlılığına bağlıdır. Çünki daxili etiraz davamlı və güclü olduğu təqdirdə, xarici müdaxilə ilə birləşərsə, onda rejimin qısa müddətdə çöküşündən danışmaq mümkün olacaq. Üstəlik, bu əvvəlki kimi sadəcə strateji hərbi obyektlərə, havadan müdafiə və yaxud nüvə mərkəzlərinə zərbə ilə olmayacaq. Burada birbaşa güc mərkəzlərinin liderləri istər siyasi, istər hərbi, istərsə də kəşfiyyat qurumlarının rəhbərləri əsasən nöqtə atışlarla hədəf alınacaq ki, bu liderlərin aradan qaldırılması mümkün olarsa, bu, hakimiyyət daxilində siyasi və hərbi elitada parçalanma yaradacaq. Bu isə mərkəzdənqaçma prosesini gücləndirə bilər. Ona görə də əsas siyasi nəticələr etiraz dalğasının davamlılığına və güclənməsinə bağlıdır. Yalnız bundan sonra konkret olaraq İran rejiminin çöküşündən danışmaq olar”.


 


N.Miri hələlik bu siyasi prosesin İran rejimi üçün seçim imkanı da yaratdığını əlavə edib:


 


“Yəni, əgər rejim yuxarıdan dəyişərsə və sistemli dəyişikliklərə rəvac verərsə ki, düşünürəm ki, rejimin çöküşünün qarşısını ala bilərlər. Lakin bu ehtimal aşağıdır. Çünki İran rejiminin yumşalması, müasir idarəetmə forması və İranın bütün dünyaya açılması, cəmiyyətin açılmasına rəvac verilməsi prosesi başlayarsa, bu, ABŞ-İran danışıqlarına körpü yaradacaq. Əslində, Donald Trampın ilk hədəfi də budur ki, diplomatik yolla anlaşaraq, heç bir böyük vəsait və maliyyə xərcləmədən qısa müddətdə konkret nəticələr əldə etsin. Eynən Venesueladakı kimi. Yəni, rejim ciddi dəyişikliklərə gedərsə və ABŞ-nin şərtləri qəbul olunarsa, ABŞ bu məsələyə açıqdır. Belə olduğu təqdirdə, rejim qoruna bilər. Ancaq bu ehtimal o qədər də böyük deyil. Çünki Ruhani, Ali Xamenei və onu dəstəkləyən digər güc mərkəzləri, İnqilab Mühafizə Qüvvələri, yəni SEPAH mühafizəkarları bu məsələyə imkan verəcək kimi görünmürlər”.


 


Siyasi şərhçi sadəcə bu məsələdə maraqlı olan tərəfin prezident və onun ətrafındakı hökumətdəki bəzi nümayəndələr olduğunu qeyd edib: “Ancaq onların da səlahiyyətləri minimaldır. Yəni, strateji qərarları prezident və hökumət qəbul etmir. Və belə olduğu təqdirdə, yəni İran rejimi dəyişməyə razı olmadığı və bu repressiyanı, kütləvi qırğın siyasətini davam etdirdiyi təqdirdə, əlbəttə, artıq cəza mexanizmi işə düşəcək. Burada da əsas hədəflər bütün sahələr üzrə liderlər olacaq. Və bunun üstünə bir də bu cür müdaxiləni daxili etirazlarla birləşdirərsinizsə, artıq İran rejimini kimsə xilas edə bilməyəcək”.


 


Fidan Hacızadə


Sfera.az