İranda vaxtaşırı baş verən sosial etirazlar, ağır iqtisadi vəziyyət və regional qarşıdurmaların dərinləşməsi fonunda bəzi analitiklər ölkədə birbaşa hərbi müdaxilə olmadan, dolayı yollarla qeyri-sabitlik yaratmaq cəhdlərinin mümkünlüyünü istisna etmirlər.


 


Bu yanaşma isə Suriyada illərlə tətbiq edilən və ölkəni uzunmüddətli böhrana sürükləyən modelin İrana transferi ehtimalını gündəmə gətirir.


 


Yəni, birbaşa ABŞ və İsrail ordusunun iştirakı olmadan, digər silahlı qüvvələr və daxili aktorlar vasitəsilə ölkədə qarışıqlıq yaratmaq ehtimalı varmı və bu nə dərəcədə səmərəli ola bilər?


 


Sfera.az-a bu haqda açıqlama verən poliotloq İlyas Hüseynovun fikrincə, İran ətrafında baş verən proseslər bu gün bütün dünyanın diqqət mərkəzindədir və müxtəlif analitik mərkəzlər, siyasi xadimlər, strateqlər mülahizələr irəli sürürlər:


 



 


"Ən geniş yayılmış versiya bundan ibarətdir ki, hazırkı durumda ABŞ İsrail ilə birlikdə İrana müdaxilə edə və nümayişçiləri dəstəkləyə bilər. Lakin Donald Trampa təqdim edilən variantlar sırasında hərbi planla yanaşı, digər yanaşmalar da mövcuddur. Onlardan biri iqtisadi təzyiqdir. Sanksiyalar, məhdudiyyətlər və daha geniş həcmdə iqtisadi təsirlər nəzərdə tutulur. Yeri gəlmişkən qeyd etməliyik ki, artıq 20-25 faiz civarında İranla iqtisadi əlaqələr quran, xüsusilə İran neftini alan dövlətlərə qarşı sanksiyaların tətbiqi planlaşdırılır və məhz bununla bağlı Çin də öz etirazını bildirmişdir”.


 


Ekspertin sözlərinə əsasən, digər təsir aləti kiberhücumlar, kiber sahədə İrana qarşı təzyiq mexanizmlərinin istifadəsi, eyni zamanda hərbi planlardır:


 


“Amma bununla yanaşı, rəsmi bəyan olunan ümumi İrana qarşı təsir rıçaqları ilə bərabər, İranda yeni bir “Suriya variantı”nın formalaşması, inqilabçılar və müxalifətçilər vasitəsilə etnik bölgələrə yardımlar, ölkənin parçalanması, vətəndaş qarşıdurması və müharibə ehtimalı da mövcuddur. Lakin bu da planlar və fərziyyələr sırasında yer alan, növbəti media tərəfindən ortaya atılmış bir fikir kimi qiymətləndirilməlidir”.


 


Bəsti Rəfizadə


Sfera.az