82 yaşlı ispan pop əfsanəsi Xulio İqlesias qalmaqallı ittihamlarla gündəmə gəlib. Müğənni, iki qadın tərəfindən cinsi təcavüz və zorakılıq iddiaları ilə ittiham olunur. Qeyd edək ki, Xulio İqlesias dünyaca məşhur müğənni Enrike İqlesiasın atasıdır.


 


Sfera.az bildirir ki, İspaniya prokurorları Madriddə yerləşən Milli Audiensiya Məhkəməsində Xulio İqlesiasa və onun malikanələrini idarə edən iki menecerə qarşı təqdim olunmuş rəsmi şikayətin araşdırıldığını təsdiqləyiblər.


 


Şikayətçilər Laura və Rebekka (internet adları) adlı qadınlardır. Onlar Xulio İqlesiasın yanında biri təmizlikçi, digəri isə fizioterapevt kimi çalışdıqlarını iddia ediblər. Qadınların sözlərinə görə, hadisələr 2021-ci ildə Dominikan Respublikasında və Baham adalarında baş verib.


 


Zərərçəkənlərin iddiasına əsasən, iş üçün müraciət zamanı onlardan bədən və üz fotoları tələb olunub. Bundan əlavə, Xulio İqlesiasın onlara


 


“Qadınları sevirsinizmi?”, “Döş əməliyyatı keçirmisinizmi?” kimi qeyri-etik və şəxsi suallar verdiyi bildirilib.


 


Qadınlardan biri müğənninin onu məcburi və ağrılı cinsi əlaqəyə zorladığını iddia edir. Onun sözlərinə görə, bu vəziyyət özünü “kölə və kukla kimi” hiss etməsinə səbəb olub. Digər iddialar arasında spirtli içki verilməsi, fiziki təzyiq, həmçinin üç nəfərlik münasibətə məcbur edilmə də yer alır.


 


Bundan başqa, qadınlardan biri bildirir ki, Xulio İqlesias üçün işlədiyi müddətdə onunla münasibət qurmaq qadağan edilib, telefonu yoxlanılıb və şəxsi həyatına nəzarət edilib. İşdən ayrıldıqdan sonra isə ona depressiya diaqnozu qoyulub.


 


İkinci şikayətçi isə iddia edir ki, Xulio İqlesias əvvəlki qadına qarşı törətdiyi hərəkətlərlə öyünüb. Onun sözlərinə görə, ilk günlər münasibətlər normal olub, lakin iki həftə sonra müğənni onu alçaltmağa, sinələrini göstərməyə məcbur etməyə və plastik əməliyyat keçirib-keçirmədiyini soruşmağa başlayıb.


 


İstintaq davam edir


 


Hazırda iş üzrə məxfi cinayət istintaqı aparılır. Xulio İqlesias məsələ ilə bağlı şərh verməkdən imtina edib. Sənətçinin əmlak menecerlərindən biri isə irəli sürülən ittihamları “tamamilə əsassız və cəfəngiyat” adlandırıb.


 


Qeyd edək ki, 2021-ci ildə Xulio İqlesias 77 yaşında, hollandiyalı model Miranda Rijnsburger ilə evli olub. İddiaçı qadınların isə həmin dövrdə təxminən 22 yaşlarında olduqları bildirilir.


 


Araşdırmanın nəticələri ictimaiyyətə açıqlanana qədər ittihamlar iddia xarakteri daşıyır.