Antarktida deyildikdə ağla ilk olaraq sonsuz buzlaqlar və dondurucu soyuqlar gəlir. Lakin qitənin mərkəzində tamamilə fərqli bir təbiət möcüzəsi mövcuddur — qızıl püskürən aktiv vulkan. Söhbət Antarktidanın ən məşhur vulkanı olan Erebus dağından gedir.


 


Sfera.az bildirir ki, Erebus dağı Ross adasında yerləşir və təxminən 3 794 metr hündürlüyü ilə Antarktidanın ən yüksək aktiv vulkanı hesab olunur. Vulkan 1841-ci ildə britaniyalı səyyah Ceyms Klark Ross tərəfindən kəşf edilib və o vaxtdan bəri fasiləsiz şəkildə aktivliyini qoruyur. Erebus lava seli ilə deyil, əsasən qaz, buxar və mikroskopik metal hissəcikləri püskürtməsi ilə seçilir.


 


Erebusu unikal edən nədir?


 


 


Erebusun ən qeyri-adi xüsusiyyətlərindən biri səthində daimi qaynayan lava gölünün olmasıdır. Dünyada son dərəcə nadir rast gəlinən bu hadisə xüsusi geoloji şərait tələb edir. Burada maqma səthə çıxsa da, sürətlə bərkimir və maye halında qalır. Qaz çıxışı isə şiddətli partlayışlar şəklində deyil, yavaş və sabit şəkildə baş verir.


 


Məhz bu sakit proses qızılın yaranmasına şərait yaradır. Digər vulkanlarda qazlar çox sürətlə qalxdığı üçün metallar kristallaşmağa vaxt tapmır. Erebusda isə qazlar tədricən soyuyur və tərkibindəki metalları mikroskopik kristallara çevirir.


 


 


Vulkan niyə qızıl püskürür?


 


 


Alimlərin araşdırmalarına görə, Erebusdan çıxan qazların içində təxminən 20 mikrometr ölçüsündə qızıl kristalları mövcuddur. Bu hissəciklər insan saçından daha incədir və küləklər vasitəsilə yüzlərlə kilometr uzaqlara daşına bilir.


 


 


Hesablamalara əsasən, Erebus vulkanı gündə təxminən 80 qram qızıl buraxır. Bu isə hazırkı bazar qiymətləri ilə təxminən 6 min dollar dəyərindədir. Rəqəm cəlbedici səslənsə də, qızılın çox geniş əraziyə səpələnməsi səbəbindən mədənçilik baxımından praktik olaraq yararsızdır. Hətta vulkandan 1 000 kilometr uzaqlıqdakı bölgələrdə belə qızıl tozunun izləri aşkar edilib.


 


 


Faciə ilə yadda qalan vulkan


 


 


Erebus dağı yalnız elmi möcüzələri ilə deyil, həm də tarixin ən ağır aviasiya faciələrindən biri ilə xatırlanır. 28 noyabr 1979-cu ildə “Air New Zealand” aviaşirkətinə məxsus 901 nömrəli reys vulkanın yamacına çırpılıb. Təyyarədə olan 257 nəfərin hamısı həlak olub.


 


 


Uçuş Oklenddən qalxaraq Antarktida üzərində dövrə vurmaq məqsədi daşıyan turistik proqramın bir hissəsi idi. Lakin buludlu hava şəraitində baş verən “ağ çıxma” (whiteout) adlı optik illüziya pilotların relyefi görməsini mümkünsüz edib. Qar və buzla örtülmüş ərazi dağın siluetini gizlədib və faciə qaçılmaz olub.


 


 


Bu gün Erebus həm qızıl saçan vulkan, həm də təbiətin gözəlliyi ilə təhlükəni bir arada daşıya bildiyinin ən dramatik nümunələrindən biri kimi tarixdə qalır.


 


Aynil