Ermənistan Avropa İttifaqına inteqrasiya etməyə çalışır və eyni zamanda iki inteqrasiya ittifaqında paralel üzvlüyün mümkün olmaması halında Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) üzvlüyünün taleyi ilə bağlı qərar verəcəyini bəyan edib. Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə Yerevanda keçirilən Amerikalararası İnsan Hüquqları Komissiyasının “Ermənistan və dünya: risklər və imkanların kəsişməsində” adlı təhlükəsizlik forumunda bildirib.
Bəs Ermənistanın Avropa İttifaqına üzv qəbul edilməsi nə dərəcədə realdır və bu proses hansı şərtlər daxilində mümkün ola bilər?
Politoloq Kazım Kazımov Sfera.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan hökuməti avrointeqrasiya yolunu seçmiş bir hökumətdir. Onun sözlərinə görə, Nikol Paşinyan hökuməti, bu niyyətini 2018-ci ildən etibarən açıq şəkildə bəyan edib:
“Lakin məsələ ondadır ki, Ermənistanın Avropa İttifaqına üzv olmaq şansı real görünmür. Çünki Avropa İttifaqına üzv olmaq üçün Maastrixt meyarlarına cavab vermək tələb olunur. Bu meyarlar inflyasiya səviyyəsindən tutmuş həyat şəraitinə, rifaha, nəqliyyat və iqtisadi göstəricilərə qədər geniş sahələri əhatə edir və bir çox şərtin yerinə yetirilməsini zəruri edir. Mövcud vəziyyət göstərir ki, Ermənistan bu gün Maastrixt meyarlarından xeyli uzaqdır və bu tələbləri qarşılamaq imkanına malik deyil”.
Politoloq qeyd edib ki, digər tərəfdən, Avropa İttifaqının hazırda genişlənməyə xüsusi maraq göstərmədiyi müşahidə olunur:
“Xüsusilə də Ermənistan kimi iqtisadiyyatı zəif olan ölkələrə münasibətdə bunun olmasını istəmir. Daha əvvəl Avropa İttifaqına qəbul edilən bəzi Şərqi Avropa ölkələri sonradan birlik üçün əlavə iqtisadi yükə çevrilib. Bundan əlavə, Ermənistan regiondakı reallıqları da nəzərə almalıdır. Ölkə iqtisadiyyatı hələ də ciddi şəkildə Rusiya iqtisadiyyatından asılıdır. Məhz bu səbəbdən Paşinyan hökuməti Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı mövcudluğunun davam etdirilməsini də istəyir və yaxşı anlayır ki, bu ittifaqdan çıxış Ermənistan iqtisadiyyatı üçün müsbət nəticələr vəd etmir. Hesab edirəm ki, Ermənistan uzun müddət bu dilemmalı siyasəti davam etdirəcək”.
Niyaz Hacıyev
Sfera.az