TikTok-da yaradıcılıqdan sahibkarlığa uzanan yol: Murad Məmmədovun hekayəsi


 


Bu gün TikTok təkcə əyləncə platforması deyil, həm də yaradıcı insanların öz istedadlarını biznesə çevirdiyi güclü bir məkandır. Epoksi əl işləri ilə TikTok-da minlərlə insanın diqqətini cəlb edən Murad Məmmədov, bu platformanın təqdim etdiyi imkanlardan maksimum yararlanan yaradıcı sahibkarlardan biridir. Onun səmimi videoları, real həyat hekayələri və incə detallara əsaslanan kontenti Muradı TikTok auditoriyası üçün fərqləndirən əsas amillərdir. Qeyd etmək lazımdır ki, o, TikTok 2025 İlin Yekunlarına daxil olub və “Yerli biznes: TikTok-da biznesini aktiv şəkildə inkişaf etdirən azərbaycanlı sahibkarlar” kateqoriyasında əsas kreatorlardan biri seçilib.




Murad bəy, qısa olaraq özünüzü təqdim edə bilərsiniz? Epoksi ilə marağınız necə başladı və TikTok-da yaradıcılığınızı paylaşmaq qərarına necə gəldiniz?

Mənim adım Murad Məmmədovdur və TikTok-da kontent yaradıcısıyam. Eyni zamanda epoksi materiallardan əl işi aksesuarlar hazırlayan və bu məhsulları onlayn şəkildə satışa çıxaran kiçik biznes sahibiyəm. 28 yaşımda bank sektorunda çalışdığım maaşlı işimdən ayrıldım. Həmin dövrdə internet üzərindən araşdırmalar apararkən epoksi ilə bağlı bir ideya ilə qarşılaşdım. Marağımı çəkdi və bu sahəni öyrənməyə başladım. İllər ərzində çalışaraq bu işi təkminləşdirdim. Hazırda yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də fərqlənən, incə və unikallığı ilə seçilən məhsullar hazırlayıram. TikTok isə bu yaradıcılığı insanlarla bölüşmək və hekayəmi çatdırmaq üçün ən doğru platformalardan biri oldu.




Platforma sizin üçün və sizin kimi yaradıcılar üçün hansı imkanları təqdim edir?




TikTok mənim üçün sadəcə video paylaşım platforması deyil. Burada yaradıcılığımı minlərlə, bəzən milyonlarla insana göstərmək imkanı qazanıram. Eyni zamanda potensial müştərilər əldə edirəm və ən önəmlisi, öz yolumla başqa insanları da sahibkarlığa həvəsləndirə bilirəm. Xüsusilə yeni başlayan yaradıcılar üçün TikTok çox böyük şansdır.




TikTok-da izləyicilərlə qarşılıqlı əlaqə sizə hansı yeni layihələr üçün motivasiya verir?




İzləyicilərdən gələn şərhlər və mesajlar mənim üçün əsas motivasiya mənbələrindən biridir. Onların rəyləri sayəsində hansı məhsulların daha çox maraq doğurduğunu, hansı təqdimat tərzinin daha təsirli olduğunu anlayıram. Bu geribildirimlər yeni məhsul və yeni məzmun yaradarkən mənim üçün istiqamətverici rol oynayır.




Hər videoda izləyiciləri heyrətləndirmək üçün hansı kiçik detal və ya texnikalardan istifadə edirsiniz?




Mən izləyiciləri süni effektlərlə deyil, səmimiyyətlə heyrətləndirməyə çalışıram. Sahibkarlıq yolumda baş verən real, təsirli anları olduğu kimi paylaşıram. Gündəlik həyatımın bəzi hissələrini göstərirəm ki, izləyicilər mənimlə emosional bağ qura bilsinlər. Eyni zamanda əl işlərinin hazırlanma prosesində gözlənilməz, xırda detalları göstərməyə xüsusi diqqət edirəm.




İzləyiciləriniz videolarda hansı növ məzmunları daha çox sevir?




Ən çox sevilən məzmunlar story-telling formatında olan videolardır. İnsanlar təkcə hazır məhsulu yox, onun arxasındakı hekayəni görmək istəyirlər. Həmçinin, əl işləri üçün istifadə etdiyim təbiət elementlərini necə topladığımı izləmək də auditoriya üçün maraqlıdır.

TikTok videolarının hazırlanması prosesində ən çox diqqət etdiyiniz məqam nədir?




Əsas məqsədim diqqətçəkən mövzularla faydalı məlumatları birləşdirməkdir. TikTok istifadəçiləri platformaya əsasən əylənmək, öyrənmək və maraqlı vaxt keçirmək üçün daxil olurlar. Buna görə də öz maraqlarımı və təqdim etdiyim faydalı məzmunu onların gözləntiləri ilə uyğunlaşdırmaq vacibdir.


 


TikTok üzərindən işlərinizi satmaq və ya tanıtmaq imkanları necədir?


 




Əl işlərinin satılması üçün onların mümkün qədər çox insana çatması lazımdır. TikTok-un əsas üstünlüyü odur ki, maraqlı məzmunu ödənişsiz şəkildə geniş auditoriyaya göstərir. Video nə qədər çox izlənirsə, satış ehtimalı da bir o qədər artır.


 


Videoların çəkilişi zamanı ən maraqlı və ya gözlənilməz hadisə nə olub?


 




Bir dəfə vlog çəkərkən poçta getmək üçün qarajdan skuterimi götürmək istədim və gördüm ki, təkəri deşilib. Əvvəlcə videonu yarımçıq bitirmək istədim, amma sonra bu çətinliyi də göstərmək qərarına gəldim. Problemi necə həll etdiyimi də videoya əlavə etdim. Məhz bu səmimi yanaşma videonu ən çox izlənən məzmunlarımdan birinə çevirdi.


 




TikTok trendlərini işinizə necə tətbiq edirsiniz?


 


Açığı, demək olar ki, trendlərdən istifadə etmirəm. Mənim üçün əsas olan təbii olmaq və özüm qalmaqdır. Maraqlıdır ki, trenddən istifadə etməsəm də videolarım yüzminlərlə, bəzən milyonlarla baxış toplayır.


 




Sizcə, TikTok-da uğurlu olmaq üçün yalnız texniki bacarıq yetərlidirmi, yoxsa başqa faktorlar da rol oynayır?

Texniki bacarıqlar müəyyən mərhələyə qədər kömək edə bilər. Amma böyük uğur üçün real hekayələr və səmimiyyət əsas şərtdir. İnsanlar özlərini videolarda gördükdə, o məzmunla daha güclü bağ qururlar.


 




Gələcəkdə TikTok-da hansı yeni layihələr və ya eksperimentlər paylaşmaq istəyirsiniz?


 


İdeyalar çoxdur. Qısa desəm, gələcək videolarım indiki məzmunlardan daha heyrətləndirici olacaq. Məqsədim təkcə baxış toplamaq yox, həm də insanları ruhlandırmaq və onlara ilham verməkdir.


 




Murad Məmmədovun TikTok hekayəsi bir daha sübut edir ki, bu platformada uğurun açarı təkcə trend yox, səmimiyyət, real həyat və ardıcıl yaradıcılıqdır. TikTok, doğru istifadə edildikdə, həm yaradıcılıq, həm də sahibkarlıq üçün güclü bir platformaya çevrilə bilir.