"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti bir gündə 3 dollardan çox artaraq 71,75 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 68,57 ABŞ dolları olub. Neftin bahalaşması ABŞ-nin İrana mümkün müdaxiləsi, o cümlədən enerji sektoruna zərbələrin endiriləcəyinə dair narahatçılıqla izah olunur.
Sfera.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, "Brent" neftinin qiyməti dünya bazarında 66,82-yə qədər yüksəlib.
Onun sözlərinə görə, bu birinci növbədə, ABŞ-İran münasibətlərinin tarıma çəkilməsi, İranda baş verən hadisələrə rəsmi Vaşinqtonun reaksiyası və o cümlədən, bu gün BMT-nin Təhlükəsizlik Şurasının fövqəladə iclasının ABŞ-nin tələbi ilə çağırılmasının təsiridir:
“Xəbərlər gəlir ki, İran 2025-ci il iyunda baş verənlər təkrarlanarsa, ABŞ-ni hədəfə alacaqlarını deyib. Qətərdə baş qərargahdan Amerika qüvvələrinin evakuasiyası gedir. Kifayət qədər ciddi təhlükədir. O cümlədən, artıq Bəndər-Abbasa və onun yaxınlığına gəmilər yaxınlaşmır. Onlar İran sularında lövbər salıblar, hansısa səbəbdən neftin götürülməsini dayandırıblar. Bu kimi hadisələr bazar iştirakçılarını narahat edir və onlar vəziyyətin necə başa çatması ilə bağlı fasilə götürürlər”.
Mütəxəsis vəziyyətin ciddiliyini vurğulayıb:
“Ümid edirik ki, bu regiondakı əsasən də İran kimi neft ölkəsindəki xəta-bəla qısamüddətli olar. Əgər münaqişə olsa onun təsirləri kifayət qədər böyük olacaq. İran Venesuela deyil. Venesuela gündə heç 1 milyon barel neft istehsal etmirdisə, onun çox məhdud ixrac imkanları vardısa, İran günə 3,4 milyon barel neft istehsal edir və bunun yarısını ixraca yönəldir. İranın neft bazarına təsirləri kifayət qədər böyükdür”.
Firuzə Əliyeva
Sfera.az