İranın sonuncu şahının oğlu Rza Pəhləvi rejim devrildikdən sonra ölkənin milli təhlükəsizlik və xarici siyasətdə atacağı əsas addımları açıqlayıb. Onun sözlərinə görə, İran bölgədə etibarlı tərəfdaş və sabitləşdirici güc olacaq, qlobal təhlükəsizlikdə məsuliyyətli rol oynayacaq.
Pəhləvi bildirib ki, ABŞ ilə diplomatik münasibətlər bərpa ediləcək, İsrail isə dərhal tanınacaq. O, həmçinin hərbi nüvə proqramının dayandırılacağını, terrorçu qruplara dəstəyin kəsiləcəyini və mütəşəkkil cinayətkarlığa qarşı beynəlxalq əməkdaşlığın gücləndiriləcəyini vurğulayıb.
Beynəlxalq arenada yeni İran hakimiyyətinə münasibət necə olacaq?
Sfera.az-a bu barədə danışan politoloq Elçin Xalidbəyli keçmiş İran şahının oğlunun açıqlamasında irəli sürdüyü fəaliyyət planının faktik olaraq ABŞ-nin istəklərinə uyğun məqamlardan ibarət olduğunu göstəridiyini deyib:
“Hətta belə anlaşılır ki, onun bu fəaliyyət planı məhz Ağ evdə hazırlanıb və ona təqdim edilib ki, bu cür açıqlamalardan çıxış etsin. Yəni demək olar ki, əgər hakimiyyətə gələrsə, Ağ Evə sərfəli olan bütün addımları atmağa hazırdır. Ancaq İran xalqının yenidən monarxiyaya dönəcəyi o qədər də inandırıcı görünmür. Çünki İranda artıq uzun onilliklərdir ki, seçkili hakimiyyət orqanları mövcuddur. İran əhalisi öz prezidentini sərbəst şəkildə seçir və bütün bunların üzərindən xətt çəkərək yenidən monarxiyaya və yaxud bir ailənin, bir sülalənin hakimiyyəti altına düşməyə İran xalqının razı olacağı o qədər də inandırıcı deyil. Üstəlik, keçmiş İran şahının oğlunun bu məsələlərdə təbii ki, heç bir təcrübəsi yoxdur. Çünki onun atasının və yaxud babasının hakimiyyətdən devrilməsindən sonra uzun onilliklər keçib, yəni təxminən 50 ilə yaxın vaxt ötüb. Bu müddət ərzində İran əhalisinin dünyagörüşü də ciddi şəkildə dəyişib və yenidən monarxiyanı qəbul etməyə razı olma ehtimalı artıq çox azdır. Ola bilər ki, İranda şah tərəfdarları və yaxud monarxiya tərəfdarları var, ancaq bu hissənin, yəni əhalinin mütləq əksəriyyəti olmadığı açıq-aşkar görünür”.
Politoloq digər tərəfdən, keçmiş İran şahının oğlunun hakimiyyətə gətirilməsindən başqa çıxış yolunun tapılmayacağına da inanmağın çətin olduğundan bəhs edib:
“Çünki İranda bu şəxsdən daha ağırlı, daha qabiliyyətli siyasətçilər kifayət qədərdir və onlar İranı daha yaxşı idarə edə bilərlər. Təhsili, psixoloji durumu və fəaliyyət potensialı tam məlum olmayan bir şəxsin İran gətirilərək ölkənin rəhbərliyinə çıxarılması sual doğurur. Böyük ehtimalla, İranda şah rejimini yenidən bərpa etmək real deyil. Təbii ki, onun ABŞ-nin maraqlarına uyğun fəaliyyət planı elan etməsi Ağ evin mövqeyinə təsir göstərə bilər. Ancaq bununla belə, bir monarxın ölkədə demokratik idarəçilik yaradacağına yalnız sadəlövlər inana bilər. Bu baxımdan, Pəhləvilər sülaləsinin keçmişdə törətdiyi cinayətləri də nəzərə alsaq, onun İranda yenidən indiki siyasi rejimin yaratdığı situasiyaya bənzər bir vəziyyət formalaşdıracağı şübhə doğurmur. Yəni, o, bir diktator rolunda çıxış edə bilər. İran xalqı isə artıq göstərib ki, daha diktator istəmir. Bu baxımdan hesab etmək olar ki, hətta ABŞ belə hazırda ondan istifadə etsə də, onun hakimiyyətə gətirilməsində israrlı mövqe tutmaya bilər”.
Fidan Hacızadə
Sfera.az