Süni intellektin tətbiqinin genişlənməsi və elektrikli, hibrid avtomobillərin sayının çoxalmasının ölkələrdə elektrik enerjisinə tələbin artmasına gətirib çıxaracağı proqnozlaşdırılıb.
Proqnoza əsasən yaxın 10-15 il ərzində bu səbəblərdən elektrik enerjisinə olan tələb təxminən 50 faiz artacaq. Tələbin bu dərəcədə artması elektrik enerjisi istehsalının sürətlə artırılmasını da tələb edəcək.
Belə vəziyyətdə elektrik stansiyalarında istehsalın artırılması üçün dünyada təbii qaza olan ehtiyac bir qədər də arta bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Liberal İtqisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə əsasən, bu addım həm mövcud enerji istehsalının artırılmasını, həm də enerji mənbələrinin diversifikasiyasını tələb edəcək:
“Bu tələbin ödənməsi üçün bəzi ölkələrdə elektrik stansiyalarında təbii qaza olan ehtiyac müvəqqəti və ya daha uzun müddətli olaraq arta bilər, çünki qaz hələ də bir çox ölkələrdə elektrik istehsalında “əlavə güc” mənbəyi kimi istifadə olunur. Lakin qlobal enerji siyasətləri getdikcə daha çox “yaşıl enerji” mənbələrinə yönəldiyindən, təbii qazdan istifadənin nə qədər artacağı konkret ölkələrin strateji qərarlarından və bərpa olunan enerji layihələrinin sürətindən asılı olacaq”.
Ekspert Avropa ölkələrində yaşıl enerjinin inkişafının güclü tendensiya göstərdiyini vurğulayıb:
“Avropa İttifaqı üzrə statistikaya görə, 2024-cü ildə ümumi elektrik istehsalının təxminən 47,5 %-i bərpa olunan enerji mənbələrindən əldə olunub. Bu göstərici əvvəlki illə müqayisədə artıb və əsasən külək, hidro və günəş enerjisi hesabına reallaşıb. Ən yüksək paya malik ölkələr arasında Avstriya, İsveç, Danimarka və bir sıra digər üzv dövlətlər var ki, bu ölkələrdə elektrik enerjisinin yarıdan çoxu yaşıl mənbələrdən gəlir. Bununla belə bəzi ölkələrdə hələ də yaşıl enerjinin payı aşağıdır və bu ölkələrdə qaz və digər ənənəvi yanacaqlara olan tələbat daha yüksək qalır. Bu tendensiyalar göstərir ki, elektrik enerjisinə tələbin artması ilə paralel olaraq təbii qaza olan tələbat mövcud sistemlərdə müəyyən yaxşılaşdırmalar və köçürmələr tələb edə bilər, amma Avropa ölkələri elektrik enerjisinin əhəmiyyətli hissəsini bərpa olunan mənbələr hesabına ödəmək üçün investisiyalar və infrastruktur inkişaf etdirirlər”.
Bəsti Rəfizadə
Sfera.az