Donald Trampın İranda qətllərin dayandırıldığını bəyan etməsi və İranın hava məkanını açmasından sonra ABŞ-nin İrana hərbi zərbə endirmə ehtimalının azalıb-azalmadığı müzakirə olunur. Bu addımlar fonunda Vaşinqtonun İrana qarşı hərbi əməliyyat planlarından tamamilə imtina edib-etmədiyi sual altındadır.
Politoloq Züriyə Qarayeva Sfera.az -a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranda qətllərin dayandırıldığını bəyan etməsi və ardınca Tehran hava məkanını yenidən uçuşlara açması situasiyanın qızışma ehtimalını müəyyən qədər azaltsa da, risklərin tam aradan qalxdığı anlamına gəlmir:
“Bu açıqlamalar əsasən diplomatik jest kimi görünür və tərəflərin hazırkı mərhələdə birbaşa hərbi toqquşmadan yayınmağa çalışdığını göstərir. Vaşinqtonun ritorikasında sərt ton qalır, lakin real əməliyyat qərarlarının verilməsi üçün həm siyasi, həm də hərbi şərtlərin tam formalaşdığı görünmür. ABŞ adətən belə vəziyyətlərdə öz üstünlüyünü qorumaq üçün təzyiq strategiyasına üstünlük verir və zərbə opsiyasını masadan tam çıxarmır”.
Politoloqun sözlərinə görə, İranın hava məkanını açması isə rəsmi Tehranın vəziyyəti nəzarət altında saxladığını göstərməyi və beynəlxalq ictimaiyyətə sabitlik siqnalı verməyi hədəfləyir:
“Bununla belə, ABŞ-İran münasibətlərinin mahiyyəti nəzərə alındıqda, hərbi eskalasiya ehtimalını sıfırlamaq düzgün olmaz. Regionda ABŞ qüvvələrinin mövcudluğu, İranın nüvə proqramı ilə bağlı narahatlıqlar və İsrail amili bu riski həmişə açıq saxlayır. Hazırkı şəraitdə zərbə ehtimalı azalıb, amma tamamilə aradan qalxmayıb, proses dinamikdir və situasiya bir neçə gün ərzində belə yenidən gərginləşə bilər”.
Niyaz Hacıyev
Sfera.az