Xarici KİV-in məlumatına görə, ABŞ ordusunun yaxın 24 saat ərzində İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyi iddia olunur. Adının açıqlanmasını istəməyən İsrail rəsmisinin sözlərinə görə, Prezident Donald Tramp hücumların başlanması ilə bağlı artıq göstəriş verib, lakin əməliyyatın dəqiq vaxtı və miqyası hələlik müəyyənləşdirilməyib.
Qeyd olunur ki, Ağ Ev rəhbəri son günlərdə iranlılara müraciət edərək etirazları davam etdirməyə çağırıb və onlara dəstəyin yolda olduğunu bildirib.
ABŞ ordusunun yaxın 24 saat ərzində İrana hücum edəcəyi iddiaları nə dərəcədə realdır?
Politoloq Oqtay Qasımov Sfera.az- açıqlamasında ABŞ-nin İrana 24 saat ərzində zərbə endirəcəyi ilə bağlı ehtimalların mövcud olduğunu bildirib. Onun sözlərinə görə, qeyd olunan müddət ərzində ABŞ-nin İrana hücum edib-etməyəcəyi hazırda açıq şəkildə məlum deyil və bunu dünyada yalnız bir neçə nəfər bilə bilər:
“Bu əməliyyatın başlanması ilə bağlı qərar ABŞ prezidenti Donald Trampın verəcəyi göstərişdən asılıdır. Bu baxımdan, belə bir ehtimal var amma bunun məhz yaxın 24 saat ərzində baş verəcəyini qəti şəkildə söyləmək mümkün deyil. Bununla belə, İranda baş verən etirazlar və ABŞ-nin mövqeyi, xüsusilə də prezident Trampın ardıcıl şəkildə verdiyi açıqlamalar və sosial şəbəkələrdə səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, ABŞ rejimə ciddi xəbərdarlıq edir və bu mövqe hazırda aktuallığını qoruyur”.
Politoloq vurğulayıb ki, əgər Donald Tramp etirazçılara müraciət edərək onları dövlət qurumlarını nəzarətə götürməyə çağırar, yardımın yolda olduğunu bildirsə və sonradan bundan imtina edərsə, bu, onun şəxsi nüfuzuna ciddi xələl gətirə bilər:
“Məhz buna görə də ABŞ, o cümlədən İsrailin, İrana qarşı hansısa zərbə variantını nəzərdən keçirdiyi ehtimal olunur. Ancaq bunun nə vaxt baş verəcəyini demək çətindir, çünki bütün bunlar ABŞ prezidentinin verəcəyi qərardan asılıdır”.
Fidan Hacızadə
Sfera.az