Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin maaşlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.


 


Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.


 


Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavə 2026-cı il aprelin 1-dək veriləcək.


 


Əvvəl bu müddət 2026-cü il yanvarın 1-dək müəyyən edilmişdi.


 


Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin maaşlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:


 


– tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;


 


– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;


 


– pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.


 


Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.