Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan Ermənistan ərazisində Azərbaycan və Türkiyə ilə sərhədlərə qədər dəmir yolunun bərpası ilə bağlı qərarın mümkün qədər tez qəbul edilməsini istəyib.


 


Nikol Paşinyan qeyd edib ki, yanvarın 13-də ABŞ və Ermənistan arasında TRIPP layihəsinin icrası ilə bağlı bəyanat imzalandıqdan sonra dəmir yolu xətlərinin bərpası üçün uyğun vaxt artıq yaxın dövrdür:


 


“Hazırda proses gedir, bu barədə məlumatlandırılacaqsınız. Bu proses onu nəzərdə tutur ki, işlər mümkün qədər tez həyata keçirilsin. Rusiyalı tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar qəbul etməyi xahiş edirik”.


 


Bu kontekstdə yaranan sual isə Paşinyan nəyə görə Rusiyadan qərarın tezləşdirilməsini istəməsidir. Buna Rusiyanın cavabı necə olacaq?


 


Məsələ ilə bağlı politoloq Natiq Miri Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, Paşinyan bu açıqlamanı verərkən söhbət Zəngəzur dəhlizi, yəni TRİPP marşrutu ilə bağlı dəmir yolu xəttinin qurulmasından getmir:


 



 


“Azərbaycan-Ermənistan arasında mövcud olan, yəni zamanında SSRİ dövründə mövcud olmuş dəmir yolların bərpasından söhbət gedir. Bilirsiniz ki, Qazaxdan keçən, İcevana qədər uzanan bir dəmir yolu xətti var. Bu xətlərin yenidən bərpa olunması və yaxud qurulması həm Ermənistanın, həm də Azərbaycanın maraqlarına xidmət edir. Çünki belə bir xətt bərpa olunduqdan sonra artıq Gürcüstana əlavə vəsait ödəməyə, yəni tranzit haqqı verməyə ehtiyac qalmayacaq. Bu da Gürcüstanın öz coğrafi ərazisindən istifadə edərək hansısa bazarlıqlara getməsinə imkan verməyəcək. Eyni zamanda yüklərin daha sürətli və tez çatdırılmasına şərait yaradacaq. Ona görə də Nikol Paşinyan razılaşdırılmış şəkildə bu kommunikasiyaların açılmasında maraqlıdır”.


 


N.Miri Nikol Paşinyanın bu məsələni xüsusi qabartmaqla dolayısı ilə Rusiyanın Zəngəzur dəhlizində birbaşa iştirak etməməsini kompensasiya etdiyini vurğulayıb:


 


“Yəni Zəngəzur dəhlizinin Rusiyaya aidiyyətinin olmadığını, bunun Azərbaycan və Ermənistan arasında yeni qurulmuş bir kommunikasiya sistemi olduğunu qeyd etməklə yanaşı, alternativ dəmir yolu xətlərinin də mövcud olduğunu vurğulayır ki, bu xətlər üzərində Rusiyanın müəyyən haqları var. Çünki Köçəryanın prezidentliyi dövründə Ermənistanın bütün dəmir yolu sistemi Rusiyanın nəzarətinə verilib. Nikol Paşinyan Rusiyanın mütləq mənada Ermənistan ərazisindən keçən bütün dəmir yolu sistemlərinə nəzarət etməlidir məntiqini də dolayısı ilə aradan qaldırmış olur. Rusiyanın konkret reaksiyasına gəldikdə isə, hələlik bu istiqamətdə açıq və konkret cavab yoxdur – baxmayaraq ki, həm prezident, həm də baş nazirin müavini səviyyəsində bu məsələ bildirilib, qaldırılıb və müzakirə edilib. Bu isə onu göstərir ki, Rusiya hələlik bu prosesdə maraqlı tərəf kimi görünmür. Çünki Rusiyanın əsas maraq dairəsi Zəngəzur dəhlizindən keçəcək və yeni qurulacaq dəmir yolu xətti ilə bağlıdır. Rusiya ABŞ-nin prosesdə birbaşa iştirakını və prosesə nəzarətini istəmir. Yaxud da ABŞ-nin iştirak etdiyi bir prosesdə özü də iştirak etməklə, dolayısı ilə 2020-ci il 10 noyabr sənədinə uyğun olaraq nəzarət mexanizmini öz əlinə almaq niyyətindədir. Ona görə də bu imkan Rusiyaya verilməmişkən, Rusiyanın alternativ dəmir yolu xətlərini sürətlə çəkəcəyinə inanmaq çətindir”.


 


Bəsti Rəfizadə


Sfera.az