Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzvlük sistemində islahatlarla bağlı ilkin təklifləri müzakirə edir. "Financial Times" qəzetinin məlumatına görə, sözügedən plan Ukraynanın Aİ-yə inteqrasiya prosesini sürətləndirə biləcək iki səviyyəli üzvlük modelinin tətbiqini nəzərdə tutur. Bu modelin Ukrayna üçün reallaşdırılması halında isə onun gələcəkdə digər namizəd ölkələr üçün presedent yaradıb-yaratmayacağı sual altındadır.




Siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlamasında bildirib ki, Avropa rəsmilərinin Ukraynanın İttifaqa üzvlük məsələsini gündəmə gətirməsi ilk növbədə zərurətdən irəli gələn bir addımdır.


 


Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi və müharibənin Avropanın içərilərinə doğru daha da genişlənmə ehtimalı qoca qitəni çevik reaksiya modeli formalaşdırmağa sövq edir:




“Çünki Kreml özünün geosiyasi ambisiyalarını məhz hərbi aventuranın kəskinləşdirilməsi hesabına təmin etməyə çalışır və hazırda Ukrayna Avropa üçün Rusiya qarşısında barıyer rolunu oynayır. Təbii ki, Avropa Birliyi siyasi-iqtisadi bir ittifaqdır və onun hərbi modeli mövcud deyil. Lakin Birləşmiş Ştatların Avropanın təhlükəsizliyi ilə bağlı sərt mövqeyi qitə ölkələrini alternativ variantlar yaratmağa sövq edir. Onlar bilir ki, özlərinin qlobal rolunu təsdiq etməsələr parçalanma riski daha da artacaq”.


 





Siyasi şərhçi qeyd edib ki, bu səbəbdən vahid yanaşma, işğala qarşı mübarizə görünüşü şərtdir:




“Lakin biz bilirik ki, Avropa rəsmiləri birliyə üzv məsələsində hər daim qeyri-səmimi ritorika sərgiləyiblər. Qardaş Türkiyə və qonşu Gürcüstan modeli buna nümünədir. Yəni, Ukrayna ilə bağlı sərgilənən mövqe ümumi yanaşmaya ciddi təsir göstərməyəcək və birliyə üzvlük arzusunda olan, lakin avropalıların maraqlarına uyğun gəlməyən istənilən ölkə obrazlı şəkildə ifadə edərsək süründürməçiliyə məruz qalacaq”.


 


Niyaz Hacıyev

Sfera.az