Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, bölgə ölkələri təhlükəsizlik məsələləri üzrə vahid əməkdaşlıq platforması yaratmaq üçün bir araya gəlməlidir. O, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misir arasında mümkün ittifaqla bağlı sualı cavablandırarkən bu yanaşmanı vurğulayıb və regional təhlükəsizliyin yalnız bölgə dövlətlərinin birgə səyləri ilə təmin oluna biləcəyini qeyd edib.
Türkiyənin irəli sürdüyü regional təhlükəsizlik platforması hansı məqsədləri və mexanizmləri nəzərdə tutur və bu təşəbbüsə böyük güclər necə reaksiya verə bilər?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Züriyə Qarayeva Hakan Fidanın mesajının Ankaranın uzun müddətdir formalaşdırmağa çalışdığı yeni geopolitik arxitekturanın davamı olduğunu bildirib.
Politoloq əlavə edib ki, bu platforma bölgə ölkələrinin kənar güclərdən asılı olmadan öz təhlükəsizlik gündəmini birlikdə müəyyən etməsi, qarşılıqlı müdafiə mexanizmləri, kəşfiyyat məlumatlarının paylaşılması, transsərhəd terror və radikalizmə qarşı koordinasiyalı fəaliyyət, enerji və nəqliyyat xətlərinin təhlükəsizliyinin birgə təmin olunması kimi elementləri əhatə edir:
“Türkiyə bu yanaşma ilə həm regional güc mərkəzlərini dialoqa cəlb etmək, həm də Yaxın Şərqin parçalanmış təhlükəsizlik mühitini nisbi institusional çərçivəyə salmaq istəyir. Fidanın Səudiyyə Ərəbistanı, Pakistan və Misir kimi ölkələri qeyd etməsi isə, Ankara-Riyad yaxınlaşması fonunda mümkün yeni təhlükəsizlik formatlarının konturlarını göstərir”.
Z.Qarayeva böyük güclərin reaksiyasının isə platformanın hansı dərinlikdə formalaşacağından asılı olacağını qeyd edib:
“ABŞ üçün belə bir mexanizm həm regional müttəfiqlərin öz aralarında koordinasiyasını artırdığı üçün müəyyən qədər müsbət görünə bilər, həm də Vaşinqtonun bölgəyə birbaşa təsir imkanlarını azalda biləcəyi üçün ehtiyatla qarşılanacaq. Rusiya bu təşəbbüsün Qara dəniz-Qafqaz-Yaxın Şərq xəttində Türkiyənin rolunu gücləndirməsini diqqətlə izləyəcək, lakin açıq qarşıdurma yaratmadan balanslı mövqe tutmağa çalışacaq. Çin üçün isə bu platforma bölgədə sabitliyi artıracağı halda müsbət dəyərləndirilə bilər, çünki Pekin daha çox iqtisadi marşrutların təhlükəsizliyinə fokuslanır. Yekunda böyük güclərin hamısı anlayır ki, regional aktorların öz təhlükəsizlik arxitekturasını qurması Yaxın Şərqdə yeni güc dinamikasını formalaşdıracaq və bu prosesdə Türkiyənin çəkisi daha da artacaq”.
Fidan Hacızadə
Sfera.az