İsveç İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınması istiqamətində fəaliyyətini davam etdirir. Bu kontekstdə SEPAH-ın beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınıb-tanınmayacağı məsələsi gündəmə gəlir. Hazırda hansı dövlətlərin SEPAH-ı terrorçu qurum kimi tanıdığı və bu təşəbbüsün Avropa İttifaqı daxilində dəstək qazanıb-qazanmayacağı isə maraq doğurur.
Siyasi şərhçi Şakir Ağayev Sfera.az-a açıqlamasında bildirib ki, İsveç SEPAH-ın terror təşkilatı siyahısına salınmasına cəhd göstərir. Onun sözlərinə görə, hazırda bir neçə dövlət SEPAH-ı terror təşkilatı kimi tanıyır:
“Bunlara İsrail, ABŞ, Səudiyyə Ərəbistan, Bəhreyn və Kanada daxildir. Lakin digər ölkələrin də bu addımı ata biləcəyi istisna deyil. İrandakı mürəkkəb vəziyyət, baş verən etirazlar, SEPAH-ın sərt müdaxiləsi və etirazçıların güllələnməsi fonunda, beynəlxalq təşkilatlar, xüsusən Avropa İttifaqı ölkələri və ABŞ SEPAH-ı günahlandırır, bu isə İsveç kimi ölkələrin də hərəkətə keçməsinə şərait yaradır”.
Siyasi şərhçi qeyd edib ki, belə addımlar İrana və SEPAH-a qarşı sanksiyaların sərtləşdirilməsinə, hətta hərbi təzyiqlərin tətbiqinə imkan verə bilər:
“Qeyd etmək lazımdır ki, SEPAH İranda dini liderdən sonra ölkəni idarə edən əsas qüvvələrdən biridir və İranın iqtisadiyyatının 70 faizinə, həmçinin hərbi qüvvələrinə nəzarət edir. SEPAH-a qarşı əməliyyatlar daha böyük qarşıdurmalara səbəb ola bilər, lakin 28 dekabrdan başlayan və son dövrlərin ən güclü etiraz aksiyaları bu addımların atılmasını aktuallaşdırıb”.
Niyaz Hacıyev
Sfera.az