“Avropa İttifaqı Tehrana qarşı sanksiyaları daha da sərtləşdirəcək”.


 


Məlumata əsasən, bu fikirləri Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib. 


 


Baş verən proseslər fonunda ABŞ də əlavə sanksiyaları nəzərdən keçirir. Maraqlıdır, yeni sanksiyalar nəyin əlamətidir? Qərb İranı hərbi yox, iqtisadi rıçaqlarla zəiflətməyi daha doğru hesab edir?


 




Sfera.az-a bu haqda açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Qərbin İrana qarşı sanksiya rejimini sərtləşdirmək addımları Yaxın Şərqdəki mövcud gərginliyin yeni bir mərhələyə qədəm qoyduğunun bariz göstəricisidir:


 



 


“Ursula fon der Leyenin və ABŞ rəsmilərinin bəyanatları təsdiq edir ki, kollektiv Qərb hazırkı geosiyasi şəraitdə İranın həm regional proksi fəaliyyətlərini, həm də Rusiya ilə hərbi-texniki əməkdaşlığını (xüsusilə dron və raket texnologiyaları sahəsində) öz təhlükəsizliyinə birbaşa təhdid kimi görür. Bu vəziyyətdə iqtisadi rıçaqlara üstünlük verilməsi bir neçə strateji səbəblə izah olunur. Birincisi, birbaşa hərbi müdaxilə və ya genişmiqyaslı kinetik qarşıdurma qlobal enerji bazarlarında kəskin qiymət artımına və dünya iqtisadiyyatının qeyri-sabitliyinə yol aça bilər. Qərb dövlətləri, xüsusilə daxili siyasi proseslərin (seçkilər, inflyasiya ilə mübarizə) həssas olduğu bir dövrdə yeni bir müharibə ocağının açılmasında maraqlı deyillər”.


 




Politoloq ikinci səbəbin sanksiyalardan "yumşaq güc" və "hibrid təzyiq" aləti kimi istifadə edilməsi, İranın hərbi sənaye kompleksinin maliyyələşmə mənbələrinin qurudulması istiqamətində atılan addımlar olduğunu bildirib:


 




“Bu, İranı hərbi yolla diz çökdürməkdən ziyadə, onun "hərbi maşınını" daxildən resurslarını məhv etmək  strategiyasıdır. Yəni, Qərb İranı birbaşa döyüş meydanında məğlub etmək əvəzinə, onun texnoloji və maliyyə imkanlarını məhdudlaşdıraraq müqavimət gücünü minimuma endirməyə çalışır. Lakin bu yanaşma həm də o deməkdir ki, diplomatik kanallar hələ tam qapanmayıb. Sanksiyalar bir növ "qırmızı xətt" xəbərdarlığıdır. Tehrana mesaj verilir ki, əgər eskalasiya davam edərsə, iqtisadi təcrid İranın daxili sosial-siyasi sabitliyinə geri dönməz zərbə vura bilər. Nəticə etibarilə, Qərb İranı hərbi yox, iqtisadi rıçaqlarla zəiflətməyi daha az riskli və daha uzunmüddətli təsirə malik metod hesab edir. Bu, bir növ "soyuq müharibə" məntiqi ilə rəqibi iqtisadi baxımdan tükəndirmək cəhdidir”.


 




Bəsti Rəfizadə

Sfera.az