Rusiya ilə Ukrayna arasında davam edən münaqişə fonunda tərəflər arasında qarşılıqlı bəyanatlar səngimir. Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Peskov qeyd edib ki, Trampın Zelenskinin müharibəyə son qoyacaq sülh razılaşmasına mane olduğu barədə açıqlamaları ilə Rusiya tərəfi də razıdır. Onun sözlərinə görə, Moskva danışıqlara açıqdır. Jurnalistlərin suallarını cavablandıran Kremlin sözçüsü Trampın mövqeyi ilə razılaşdığını vurğulayıb: “Bəli, razıyam, həqiqətən də belədir. Prezident Vladimir Putin və Rusiya tərəfi danışıqlara açıqdır”.
Peskov əlavə edib ki, Rusiyanın mövqeyi artıq hər kəsə məlumdur və bu mövqe həm amerikalı danışıqlar aparan şəxslərə, həm Prezident Donald Trampa, həm də Kiyev rəhbərliyinə yaxşı tanışdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da bir neçə gün əvvəl verdiyi açıqlamada sülhün əldə olunmamasında Ukrayna rəhbərliyini günahlandırıb. O, Oval Ofisdə jurnalistlərə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin razılaşma əldə etməyə hazırdır, lakin Ukrayna tərəfi bu məsələdə yetərincə istəkli görünmür.
Trampın sözlərinə görə, ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların İkinci Dünya Müharibəsindən bəri Avropanın ən böyük quru münaqişəsini həll etməkdə uğursuz olmasının əsas səbəbi məhz Zelenskinin mövqeyidir.
Bəsti Rəfizadə
Sfera.az