Böyük Britaniya Fransa və İtaliya ilə Avropa İttifaqının Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqları bərpa etməsi ilə bağlı razılığa gəlmir. Britaniya xarici işlər naziri İvet Kuper Moskvanın sülhə inandırıcı maraq göstərmədiyini bildirib.


 


O, Fransa Prezidenti Emmanuel Makron və İtaliya Baş naziri Corciya Maloninin Aİ-nin Ukraynadakı müharibəyə son qoymaq səyləri çərçivəsində Rusiya ilə diplomatik əlaqələrin bərpasını nəzərdən keçirilməsi barədə təkliflərini rədd edib.


 


Böyük Britaniyanın Fransa və İtaliya ilə razılaşmaması Aİ daxilində parçalanmanı göstərir? Britaniya niyə Putinin sülh niyyətinə inanmır?


 


Sfera.az-a bu haqda açıqlama verən politoloq Əli Mustafa Böyük Britaniyanın Avropa İttifaqının üzvü olan digər dövlətlərdən fərqli olaraq, son 200 ildə dünyada bir sıra ciddi siyasi dəyişikliklərin həm havadarı, həm də yaradıcılarından biri olduğunu qeyd edib:


 



 


“Yəni dünya düzəninin qurulmasında iştirak edən əsas aktorlardan biridir. Ona görə də bir çoxlarının bildiyi və bilmədiyi ciddi məsələlərdən xəbərdardır. Yəni deyə bilərik ki, mövcud təhlükəsizlik arxitekturası dünyada ciddi şəkildə sarsılır və tədricən demək olar ki, ləğvə doğru gedir. Bundan sonra yeni təhlükəsizlik arxitekturasının yaranacağı isə təbii ki, reallaşacaq. Bu baxımdan Böyük Britaniya, düşünürəm ki, həm köhnə dünyanın, köhnə düzənin qurulmasında, həm də yeni düzənin formalaşmasında iştirak edən bir güc kimi makrosiyasi prosesləri, strateji məsələləri digər Avropa ölkələrindən daha yaxşı bilir. Yəni dərin məsələlərdə daha məlumatlıdır. Ona görə də təbii ki, bu addımları atarkən həmin gerçəkliklərdən çıxış edir. Digər tərəfdən biz bilirik ki, Britaniya Avropa İttifaqının üzvü deyil. Hal-hazırda müstəqildir, Avropa İttifaqından çıxıb və müstəqil fəaliyyət göstərir. Amma Avropanın təhlükəsizliyi, yeni dünya düzəninin qurulması ilə bağlı məsələlərdə, Rusiyaya qarşı aparılan siyasətin və hərbi-siyasi strategiyanın təbii ki, müəlliflərindən biri olaraq digər Avropa ölkələri ilə çox ciddi kommunikasiyadadır və ümumavropa maraqları baxımından çıxış edən dövlətlərin önündə gedir, deyə bilərik”.


 


Ekspertin sözlərinə əsasən, Britaniya Rusiyanın bu atəşkəsə yumşaq şəkildə yanaşmayacağını bilir:


 


“Rusiyanın Ukrayna savaşına nə üçün başladığını və bu prosesin hansı mərhələdə dayanma ehtimallarının olduğunu da bilir. Ona görə də Britaniya bilir ki, hələlik bu mərhələdə münasibətlərin bərpası və Rusiyanın diplomatik danışıqlara, birbaşa təmaslara cəlb edilməsi heç bir fayda verməyəcək. Əksinə, bu, Rusiyaya qarşı yaradılmış siyasi blokadada yarıq aça bilər, yəni Rusiyanın vəziyyətini bir qədər yaxşılaşdıra, ona qarşı tətbiq edilən bir sıra məhdudiyyətləri zəiflədə və Rusiyanın psixoloji durumunu yaxşılaşdıra bilər. Yəqin ki, Britaniya bunu da nəzərə alır. Digər tərəfdən biz bilirik ki, Rusiya-Ukrayna savaşı həm də qlobal bir savaşdır. Yəni bu müharibə yeni dünya düzənini formalaşdıran bir hadisədir. Ona görə də Britaniyanın bu məsələlərlə bağlı konkret planları, strateji hədəfləri var. Britaniya özü də Rusiyayla birbaşa təmasların gerçəkləşməsində maraqlı deyil. Biz hər zaman deyirik ki, Rusiyanın zəiflədilməsi və dünyanı idarə edən güclərdən biri olmaq statusunun itirilməsi əhəmiyyətli dərəcədə Rusiya-Ukrayna savaşının nəticələrindən asılıdır. Bu nəticələr əldə edilmədən Rusiyayla fərqli münasibətlərə girmək, bu prosesi dayandırmaq yəqin ki, Britaniyanın hərbi-siyasi maraqlarına və strateji hədəflərinə uyğun deyil. Təbii ki, bu gün Rusiyanın apardığı siyasət son dərəcə aqressivdir, işğalçı xarakter daşıyır və SSRİ-2 formatında yenidən böyük Rusiya imperiyasını qurmaq niyyətinə xidmət edir. Britaniya da bilir ki, xırda güzəştlərlə bu məsələni dayandırmaq mümkün olmayacaq, yəni Rusiya bu siyasətdən geri çəkilməyəcək. Deməli, fərqli alətlərlə onu dayandırmaq olar. Bu baxımdan da məncə Britaniya bu danışıqların və ya Rusiyayla birbaşa təmasların əhəmiyyətsiz olduğuna inanır və yəqin ki, müttəfiqlərini də buna inandırmağa çalışır. Bildiyim qədərilə Makronun müəyyən təşəbbüsləri var, lakin böyük ehtimalla bu təşəbbüslər heç bir fayda verməyəcək və sonda onlar da Britaniyanın mövqeyini müdafiə etməli olacaqlar”.


 


Bəsti Rəfizadə


Sfera.az