Xəbər verdiyimiz kimi, redaksiyamıza Ağdaş rayonu, Kükəl kəndində fəaliyyət göstərən istixana təsərrüfatının sahibi tərəfindən ciddi şikayət daxil olub. Sahibkarın bildirdiyinə görə, təsərrüfatın qaz sərfiyyatını ölçən sayğac “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əvvəlcədən heç bir şifahi bildiriş və ya yazılı xəbərdarlıq edilmədən götürülüb. Bundan sonra isə faktiki sərfiyyat nəzərə alınmadan, normativ əsaslarla hesablanma aparılıb və nəticədə sahibkarın adına 27 min manat məbləğində borc formalaşdırılıb. Sözügedən borc səbəbindən istixananın təbii qazla təchizatı tam dayandırılıb ki, bu da istehsal prosesinin dayanmasına, ciddi maliyyə itkilərinə və fəaliyyətin iflic olmasına səbəb olub. Sahibkar bununla bağlı məhkəməyə müraciət edib.
Sfera.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli qərardadı ilə təsərrüfatın qaz təchizatının bərpa edilməsi qərara alınıb.
Qərarın qəbulundan 20 gündən artıq vaxt keçməsinə baxmayaraq, “Azəriqaz” məcburi icraatı yerinə yetirmir.
“Azəriqaz”dan isə bildirilib ki, səbəb sahibkarın öz vəsaiti hesabına sayğac alıb quraşdırmamasıdır. “Azəriqaz”ın bu iddiası ilə bağlı sahibkar deyib ki, ona sayğacla bağlı rəsmi müraciət edilməyib. Sahibkar bildirib ki, sayğac olmasa belə məhkəmənin qərarına uyğun olaraq qaz normativlə hesablanmaqla bərpa edilməlidir.
Bəs bu halda, qanunvericiliyə əsasən məhkəmə qərarı dərhal icra olunmalıdırmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, məhkəmənin qərarına əsasən, "Azəriqaz” heç bir bahanə gətirmədən qaz təchizatını bərpa etməlidir.
Hüquqşünas qeyd edib ki, qərardada əsasən, “Azəriqaz”a təbii qazın verilməsinin dayandırılması qadağan edilib:
““Normativə uyğun və ya başqa hər hansısa yolla olması artıq məhkəmə mübahisəsidir. "Azəriqaz" sayğac olmadan da normativlər əsasında sərfiyyatı hesablamaqla ödəniş haqqını müəyyən edə bilər. Sayğacı niyə sökdükləri, labaratoriyanın sayğacda nə müəyyən etdiyi də artıq başqa bir mövzudur. Ümumilikdə isə sahibkar abonent kodu üzrə təbii qazla mütləq təmin olunmalıdır”.
Firuzə Əliyeva
Sfera.az