İranda son günlər müxtəlif şəhərlərdə müşahidə olunan gərginlik fonunda Təbrizdə hərbi vəziyyət elan edilməsi diqqət çəkib. Xüsusilə kütləvi aksiyaların baş verdiyi dövrlərdə Cənubi Azərbaycanın digər bölgələrində ciddi iğtişaşlar qeydə alınmadığı halda, məhz Təbrizdə belə bir rejimin tətbiq olunması suallar doğurur.
Belə olan halda sual yaranır: kütləvi etirazların nisbətən sakit keçdiyi Cənubi Azərbaycanda, xüsusilə də Təbrizdə fövqəladə rejimin elan edilməsi hansı səbəblərlə izah olunur?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan xalqının simvolu olan Təbrizdə aksiyaların dinc keçməsi sevindirici olub.
Onun sözlərinə görə, bu, insanların haqlı olduğu etirazlardır və İran höküməti də bunu başa düşür.
O qeyd edib ki, bəzi qüvvələr ixtişaşlar törətməklə insanların dinc etirazlarını siyasi kapitala çevirməyə, vəziyyəti destabilləşdirməyə, bununla da qan tökülməsinə çalışdılar:
“Bu məsələyə yerli hökümət orqanlarının özlərinin münasibəti var. Onlar hüquq mühafizə orqanları ilə bütün məsələləri razılaşdırırlar. Cənubi Azərbaycanda vəziyyətin sabit olması elə insanların istəyindən irəli gələn vəziyyətdir. Onlar normal davam edən həyatın ahəngini pozmamağa çalışırlar. Digər tərəfdən, təxribatçı ünsürlərə imkan verməməyə çalışırlar ki, onlar insanların etibarından sui-istifadə etsinlər. Bu sözün əsl mənasında düşünülmüş bir qərardır. Biz görürük ki, İran şimal qərbindəki vəziyyət nisbətən fərqlidi, bu da hakimiyyət orqanlarının vətəndaşlarla əməkdaşlığının həmahəng hərəkətlərinin təzahürüdür. Digər tərəfdən, onlar imkan vermirlər ki, proseslər nəzarətdən çıxsın. Fövqəladə rejimin özünün tələbləri var. Silah-sürsatdan istifadə etmək, qeyri-qanuni tərzdə haradasa təxribat yönümlü hərəkətlərə yol vermək olmaz”.
Firuzə Əliyeva
Sfera.az