Dünyada iş saatlarının azaldılması tendensiyası güclənir.
Sfera.az xəbər verir ki, aparılan araşdırmalara əsasən, bir sıra inkişaf etmiş ölkələrdə əməkdaşlar artıq gündə orta hesabla 4-6 saat işləyir.
Məqsəd iş-həyat balansını qorumaq, stressi azaltmaq və məhsuldarlığı artırmaqdır.
Ən qısa iş saatları Avropa ölkələrində qeydə alınır. Xüsusilə Almaniya bu sahədə ön sıralardadır. Ölkədə orta həftəlik iş vaxtı təxminən 25-26 saat təşkil edir ki, bu da gündə 4-5 saatlıq iş rejiminə bərabərdir. Bildirilir ki, Almaniyada az işləmək məhsuldarlığın azalmasına yox, əksinə artmasına səbəb olub.
Danimarka, Norveç və İsveç kimi Şimali Avropa ölkələrində də oxşar vəziyyət müşahidə olunur. Bu ölkələrdə həftəlik iş saatları orta hesabla 27-28 saat civarındadır. Bu isə gündəlik 5-6 saat iş deməkdir. Sosial rifahın yüksək olması və çevik iş qrafikləri bu modellərin əsasını təşkil edir.
Niderland isə qismən məşğulluq (part-time) sistemi ilə seçilir. Burada əhalinin böyük hissəsi tam iş günündən az çalışır və nəticədə gündəlik iş saatı təxminən 5 saat səviyyəsində formalaşır.
Bundan başqa, bəzi ölkələrdə 4 günlük iş həftəsi modelləri sınaqdan keçirilir. İslandiya və Böyük Britaniyada aparılan pilot layihələr göstərib ki, işçilər daha az işləsələr də, maaşlarında azalma olmur, əksinə, məmnunluq və səmərəlilik artır.
Qeyd edilib ki, gündəlik 4 saatlıq iş rejimi hələ geniş yayılmasa da, qısa iş günləri və çevik qrafiklər yaxın illərdə daha çox ölkədə tətbiq oluna bilər. Qlobal trend göstərir ki, uzun iş saatları artıq effektivlik göstəricisi hesab edilmir.
Fidan Hacızadə
Sfera.az