Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Yunanıstandakı siyasi liderlər üçün Türkiyə ilə mövcud problemlərin həllinə dair razılaşmaları imzalamaq daxili siyasi baxımdan riskli hesab olunur. Onun sözlərinə görə, Ankara yalnız danışıqlarla kifayətlənməyə deyil, məsələlərin qalıcı şəkildə həllinə də hazırdır. Nazir vurğulayıb ki, bunun üçün tərəflər arasında qarşılıqlı siyasi iradənin nümayiş etdirilməsi əsas şərtdir. Bu kontekstdə Türkiyə ilə problemlərin həllinin Yunanıstan siyasi liderləri üçün niyə risk kimi dəyərləndirildiyi və əsaslı həllə nail olmaq üçün hansı konkret addımların atılmalı olduğu müzakirə mövzusudur.




Politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki,  Yunanıstan üçün də Türkiyə ilə problem yaşamaq sərfəli deyil.


 


Onun sözlərinə görə, Yunanıstan xarici təsirə məruz qalmış ölkədir və əsasən İsrail Türkiyə əleyhinə Yunanıstanı hər zaman təsirində saxlayıb:


 





“Mümkündür ki, hətta rəhbərliyə gətirilən fiqurlar da kənar maraqlar və təsirlər nəticəsində siyasət yürütməyə məhkumdurlar. Müstəqil siyasət apara bilməmək Türkiyə ilə münasibətlərdə çətinlik yaradır. İxtiyarı özündə olmayan Yunanıstan hökuməti özbaşına Türkiyə ilə barışa bilməz. Yunanıstan hazırda Qərbin səlb yürüşləri üçün forpost rolundadır və hədəf də Türkiyədir”.


 


Politoloq vurğulayıb ki, Yunanıstandakı siyasi liderlər üçün Türkiyə ilə problemləri həll etmək, buna imza atmaq daxili siyasətdə çətinlik yaradır:




“Çünki xarici təsirlər və maraqları təmsil edən siyasətçilər buna imkan vermir. Qalıcı həll üçün bu qorxu aradan qalxmalı, yunan liderlər ən azı Paşinyan kimi cəsarət göstərməlidirlər. ABŞ-nin, daha doğrusu Prezident Trampın yunan liderlərə dəstək verməsi  Türkiyə ilə konstruktiv dialoqu mümkün edə bilər. Əks halda Yunanıstanın siyasi liderlərinin cəsarətsiz siyasət yürütməsi regionda iqtisadi maraqlara fayda gətirməyəcək və bu, ABŞ-nin xarici siyasətinə və qlobal iqtisadi maraqlarına uyğun gəlməyəcək”.


 


Niyaz Hacıyev

Sfera.az