“Apple” ilk qatlanan “iPhone”da maye metal və titan ərintisindən istifadə edəcək.


 


Sfera.az xəbər verir ki, “Apple” şirkəti ilk qatlanan smartfonu olan “iPhone Fold”  üçün yeni materiallardan istifadə etməyi planlaşdırır. 


 


“MacRumors”un şirkətin təchizat zəncirinə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, cihazın menteşə mexanizmi maye metaldan, gövdəsi isə təkmilləşdirilmiş titan ərintisindən hazırlanacaq.


 


Bildirilir ki, qatlanan telefonun ən vacib hissələrindən biri olan menteşə amorf ərinti kimi tanınan maye metaldan istehsal olunacaq. “Apple” bu material üzrə 2010-cu ildən eksklüziv istifadə hüququna malikdir və indiyədək əsasən kiçik komponentlərdə tətbiq edib. 


 


Mütəxəssislərə görə, yüksək möhkəmlik və aşınmaya davamlılıq xüsusiyyətləri maye metali tez-tez qatlanan mexanizmlər üçün ideal seçimə çevirir.


 


Mənbələrin məlumatına görə, “iPhone Fold”un gövdəsində hazırkı “iPhone” modellərində istifadə olunan titandan daha möhkəm və yüngül olan yeni titan ərintisi tətbiq ediləcək. Bu, qatlanan dizaynın tələb etdiyi əlavə dayanıqlığı təmin etməklə yanaşı, cihazın nazik və ergonomik qalmasına imkan verəcək.


 


Qeyd olunur ki, “Apple” son illər “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” modellərindən başlayaraq titan texnologiyalarını mərhələli şəkildə təkmilləşdirir. Yeni ərinti bu prosesin davamı hesab olunur.


 


İlkin məlumatlara əsasən, “Apple” ilk qatlanan “iPhone”u 2026-cı ilin payızında “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modelləri ilə birlikdə təqdim etməyi planlaşdırır. Bu addım şirkətin qatlanan smartfon bazarında rəqabəti gücləndirmək niyyətindən xəbər verir.


 


Firuzə Əliyeva

Sfera.az