Avropa nağılını xatırladan Hallstatt kəndi Avstriya Alp dağlarının qoynunda yerləşir. Əsrlərdir dəyişməyən memarlıq üslubu, göl mənzərəsi və tarixi silueti ilə bu yaşayış məntəqəsi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Lakin Hallstattın hekayəsi bununla bitmir.
Sfera.az xəbər verir ki, Çin bu tarixi Avropa kəndinin orijinaldan demək olar ki, fərqlənməyən mükəmməl bir replikasını minlərlə kilometr uzaqlıqda inşa edib.
2012-ci ildə həyata keçirilən layihəyə təxminən 940 milyon dollar sərmayə qoyulub. Kilsə və mərkəzi meydandan tutmuş evlərin fasadlarına, dam örtüklərinə və küçə daşlarınadək hər detal böyük dəqiqliklə yenidən qurulub. Hətta orijinal Hallstattın kilsəsi və əsas meydanı eyni ölçülərdə təkrarlanıb.
Replika kəndi ziyarət edən çinli turistlər buraya daxil olduqda özlərini Avropada səyahət edirmiş kimi hiss etdiklərini bildirirlər. Oxşarlığın yüksək səviyyədə olması səbəbindən bəzi ziyarətçilər çəkilən fotoların Avstriyada çəkildiyini zənn ediblər. Bir vaxtlar sakit və turist axını məhdud olan orijinal Hallstatt bu layihədən sonra qlobal miqyasda daha geniş tanınmağa başlayıb.
Layihənin sirri təsadüfən üzə çıxdı
Məlumata görə, Çinli memarlar və şəhərsalma mütəxəssislərindən ibarət qrup dəfələrlə Avstriyaya səfər edərək Hallstatt kəndinin memarlıq detallarını diqqətlə sənədləşdirib. Evlərin fasadları, küçə planları, fəvvarələr, daş toxumaları və memarlıq nisbətləri dəqiqliklə ölçülüb.
Layihə uzun müddət gizli saxlanılıb. Lakin komandadakı memarlardan birinin Avstriyadakı oteldə layihə rəsmlərini unutması nəticəsində bu nəhəng replika planı üzə çıxıb. Hadisə kənd sakinləri arasında birmənalı qarşılanmayıb: bəziləri mədəniyyətin kopyalana bilməyəcəyini desə də, digərləri bu marağın qürurverici olduğunu bildiriblər.
Lüks yaşayış və turizm mərkəzi
Çində inşa edilən Hallstatt replikası həm turizm məkanı, həm də yüksək gəlirli yaşayış layihəsi kimi planlaşdırılıb. Avropa memarlığını xatırladan küçələr, meydanlar və tikililər xüsusi zövqlə hazırlanıb. Mərkəzi ərazi turist təcrübəsinə yönəldilib, ətrafdakı villalar isə ölkənin varlı təbəqəsinə təqdim olunub.
Replika layihəsindən sonra Avstriyadakı orijinal Hallstatt da gözlənilmədən qlobal diqqət mərkəzinə çevrilib. Sosial şəbəkələrdə paylaşımlar, televiziya proqramları və sənədli filmlər nəticəsində ziyarətçi sayı kəskin artıb və kiçik qəsəbə gündəlik on minlərlə turisti qəbul etmək məcburiyyətində qalıb.
Aynil