ABŞ Prezidenti Donald Trampın İranda etirazçılara qarşı zorakılığı əsas gətirərək hərbi müdaxilə ehtimalını gündəmə gətirməsi İsrail və Körfəz ölkələrinin narahatlığına səbəb olub. İddialara görə, bu ölkələr Vaşinqtonu mümkün hücumu təxirə salmağa nail olublar.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin “New York Times” qəzetinə danışan rəsmisi bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu yanvarın 13-də ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, bir gün sonra isə Prezident Donald Trampla telefon danışığı apararaq İrana qarşı hərbi planların ertələnməsini istəyib.
Məlumata görə, Körfəz ölkələrinin rəsmiləri də regionda genişmiqyaslı münaqişə riskindən ehtiyat edərək Vaşinqtona oxşar çağırışlar ediblər.
Bununla belə, Donald Tramp bu iddiaları təkzib edib. ABŞ prezidenti bildirib ki, onu heç kim dayandırmayıb və İrana qarşı hərbi addımlarla bağlı qərarı yalnız öz iradəsi ilə verib.
İranda əvvəlcə iqtisadi səbəblərlə başlayan, sonradan isə rejim əleyhinə şüarlarla genişlənən etiraz aksiyaları azalsa da, davam edir. ABŞ rəhbərliyi etirazçılara qarşı zorakılığı əsas gətirərək Tehrana təzyiq imkanlarını gündəmdə saxlayır.
Qəzetə danışan ekspertlər qeyd ediblər ki, İsrail hazırda Qəzza, İordan çayının qərb sahili, Suriya və Livanda hərbi qüvvələr saxlayır. İki il ərzində bir neçə cəbhədə aparılan müharibələr, xüsusilə iyun ayında 12 gün davam edən İranla qarşıdurmadan sonra ölkə silah-sursat ehtiyatlarını tam bərpa edə bilməyib. Bu isə İsrailin əsas hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə”nin effektivliyi ilə bağlı risklər yaradır.
Mütəxəssislərin fikrincə, Tel-Əvivin İrana mümkün hücumundan sonra Tehranın cavab zərbələri İsrail vətəndaşlarının təhlükəsizliyini ciddi şəkildə təhdid edə bilər. Bu amil də region ölkələrinin hərbi eskalasiyadan çəkinməsinin əsas səbəblərindən biri kimi göstərilib.
Bəsti Rəfizadə
Sfera.az