Tufts Universitetində aparılan elmi araşdırmalar nəticəsində süfrə şəkərinə demək olar ki, eyni dada malik, lakin sağlamlığa mənfi təsirləri xeyli az olan nadir bir şəkərin istehsalı üçün yeni üsul hazırlanıb.


 


Sfera.az xəbər verir ki, universitetin alimləri “tagatoz” adlanan bu şirinləşdiricinin daha səmərəli və ucuz istehsal yolunu tapıblar.


 


Aşağı kalorili olması, qan şəkərinə minimal təsir göstərməsi və ağız-bağırsaq sağlamlığı üçün potensial faydaları tagatozu şəkərə alternativlər arasında ön plana çıxarıb. 


 


Tagatoz təbii şəkildə süd məhsullarında, eləcə də alma, ananas və portağal kimi meyvələrdə mövcud olsa da, çox nadir rast gəlinir. Meyvələrdəki ümumi şəkər miqdarının cəmi 0,2 faizini təşkil etdiyindən, bu maddənin birbaşa əldə olunması indiyədək çətin və baha başa gəlirdi.


 


“Cell Reports Physical Science” jurnalında dərc olunan tədqiqata əsasən, Tufts Universitetinin tədqiqatçıları “Escherichia coli” bakteriyalarını genetik mühəndislik yolu ilə dəyişdirərək onları tagatoz istehsal edən bioloji “fabriklərə” çeviriblər. Selikli kif göbələyindən əldə edilən və “Gal1P” adlanan xüsusi ferment bakteriyalara ötürülüb.


 


Yeni üsul sayəsində bakteriyalar geniş yayılmış və ucuz xammal olan qlükozanı 95 faiz səmərəliliklə tagatoza çevirə bilib. Ənənəvi istehsal üsullarında bu göstərici 40-77 faiz arasında dəyişirib.




Mütəxəssislərin bildirdiyinə görə, tagatoz süfrə şəkərinin şirinlik dərəcəsinin təxminən 92 faizinə malikdir. Yüksək intensivli şirinləşdiricilərdən fərqli olaraq, bişirmə və sobada hazırlanma zamanı karamelizə olur və məhsulun quruluşunu qoruyur.


 


Süfrə şəkəri ilə müqayisədə təxminən 60 faiz daha az kalori ehtiva edən tagatoz nazik bağırsaqda qismən sorulduğu üçün qan şəkəri və insulin səviyyəsində cüzi artıma səbəb olur. Bu xüsusiyyət onun diabet xəstələri üçün əlverişli alternativ olmasını göstərib.


 


Araşdırmalara əsasən, tagatoz diş çürüməsinə səbəb olan bakteriyaların çoxalmasını ləngidir və bağırsaqlardakı faydalı bakteriyalar üçün probiotik təsir göstərə bilər.


 


Alimlər vurğulayıblar ki, bu yeni biosintez strategiyası yalnız tagatozun deyil, digər nadir şəkərlərin istehsalında da geniş imkanlar yarada bilər. ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən “ümumilikdə təhlükəsiz” (GRAS) kimi tanınan tagatoz, yeni üsulla qida sənayesində daha geniş istifadə oluna biləcək.




Bəsti Rəfizadə

Sfera.az