Bu gün, 17 yanvar dünyada Uşaq İxtiraları Günü kimi qeyd olunur. 


 


Sfera.az xəbər verir ki, bu əlamətdar gün uşaqların yaradıcılıq potensialını, innovativ düşüncə tərzini və erkən yaşlardan elmi-texniki bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini diqqət mərkəzinə çəkir.


 


Uşaq İxtiraları Günü ABŞ-nin tanınmış alim və ixtiraçısı, eyni zamanda dövlət xadimi olan Benjamin Franklinin doğum gününə təsadüf edir. Franklin hələ uşaq yaşlarında müxtəlif mexaniki qurğular hazırlaması ilə tanınıb və bu gün də gənc ixtiraçılar üçün nümunə hesab olunur. Məhz bu səbəbdən 17 yanvar uşaqların ixtiraçılıq ruhunu təşviq edən xüsusi gün kimi qeyd edilir.


 


Tarix göstərir ki, bir çox mühüm kəşflər məhz uşaqlar və yeniyetmələr tərəfindən edilib. Görmə məhdudiyyətli insanlar üçün yaradılmış Braille əlifbası Lui Brayl tərəfindən gənc yaşlarında hazırlanıb. Dünyada geniş yayılan və sevilən buzlu şirə -  popsicle isə 11 yaşlı bir uşağın təsadüfi kəşfi nəticəsində ortaya çıxıb. Bu nümunələr uşaqların ideyalarının gələcəkdə böyük yeniliklərə çevrilə biləcəyini sübut edir.


 


Mütəxəssislər bildirirlər ki, uşaqlarda erkən yaşlardan sərbəst düşünmə, problem həll etmə və yaradıcı yanaşma bacarıqlarının formalaşdırılması ölkələrin elmi və texnoloji inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Uşaq İxtiraları Günü cəmiyyətə uşaqların ideyalarına daha çox diqqət yetirilməsinin vacibliyini xatırladır.




Azərbaycan da son illər gənclərin və uşaqların innovasiya sahəsində inkişafına xüsusi önəm verir. Ölkədə məktəblərdə STEAM təhsili, robototexnika dərnəkləri, startap layihələri və innovasiya müsabiqələri təşkil olunur. Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadalarda, texnologiya və ixtira müsabiqələrində uğurla iştirak edərək ölkəmizi layiqincə təmsil edirlər. Bir sıra gənc ixtiraçıların hazırladığı layihələr ekoloji problemlərin həlli, enerji səmərəliliyi və texnoloji yeniliklər sahəsində diqqət çəkir.


 


Təhsil ekspertləri hesab edirlər ki, uşaqlar üçün yaradılan belə imkanlar onların gələcəkdə mühəndis, alim və ixtiraçı kimi formalaşmasına zəmin yaradır. Valideynlərin və müəllimlərin əsas vəzifəsi isə uşaqların ideyalarını məhdudlaşdırmamaq, onları araşdırmağa və yenilik axtarmağa təşviq etməkdir.


 


Qeyd edək ki, Uşaq İxtiraları Günü uşaqların yaradıcılıq gücünə inamı artırmaq, onların düşüncələrinə dəyər vermək və gələcəyin ixtiraçılarını bu gündən formalaşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.


 




Firuzə Əliyeva

Sfera.az