İranda ölkə üzrə iqtisadi problemlərə qarşı keçirilən etiraz aksiyaları fonunda tətbiq olunan internet və rabitə məhdudiyyətlərinin mərhələli şəkildə aradan qaldırılmasına başlanılıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yanvarın 8-də baş verən zorakılıq hadisələrindən sonra təhlükəsizlik səbəbilə tətbiq edilən məhdudiyyətlərin yumşaldılması ilə bağlı qərar qəbul edilib.
Məlumata görə, son günlərdə təhlükəsizlik vəziyyətinin nəzarət altına alınması və terror qruplaşmalarının əsas üzvlərinin saxlanılmasından sonra rabitə xidmətlərinin bərpası mərhələli plan əsasında həyata keçirilir.
Rəsmi şəxslər bildiriblər ki, internetə qoyulan məhdudiyyətlər xaricdəki müxalif şəbəkələrin ölkədaxili əlaqələrini ciddi şəkildə zəiflədib və bu, etirazların nəzarət altına alınmasında, həmçinin mümkün terror aktlarının qarşısının alınmasında mühüm rol oynayıb.
Məlumata əsasən, bərpa prosesi üç mərhələdə icra olunur. Birinci mərhələdə qısa mesaj (SMS) xidmətləri yenidən aktivləşdirilib. İkinci mərhələdə milli internet şəbəkəsinə və yerli mesajlaşma tətbiqlərinə tam çıxışın təmin edilməsi nəzərdə tutulub. Üçüncü mərhələdə isə beynəlxalq internetə girişin tam şəkildə bərpa olunacağı gözlənilir.
Yerlı mənbələr “Eita” və “Bale” kimi yerli mesajlaşma platformalarına bir neçə günlük fasilədən sonra yenidən girişin mümkün olduğunu bildiriblər.
Qeyd edək ki, İran son həftələrdə genişmiqyaslı etiraz aksiyaları ilə yenidən beynəlxalq gündəmin mərkəzinə düşüb. ABŞ və İsrailin Tehran rəhbərliyinin “varoluşsal təhdid” kimi qiymətləndirdiyi aksiyalara dolayı dəstək verdiyi iddiaları regionda gərginliyi daha da artırıb.
Bəsti Rəfizadə
Sfera.az