Musiqi dünyasında son günlərin ən çox müzakirə olunan simalarından biri olan Sienna Rozun real şəxs deyil, süni intellekt əsasında yaradılmış layihə olduğu məlum olub.
Sfera.az xəbər verir ki, rəqəmsal musiqi platforması “Spotify”ın “Viral 50-ABŞ” siyahısına üç mahnı ilə daxil olan “sənətçi”nin böyük ölçüdə süni intellekt tərəfindən istehsal edildiyi iddiaları musiqi sənayesində ciddi müzakirələrə səbəb olub.
Aylıq dinləyici sayı milyonlara yaxınlaşan və gündəlik təxminən 2 min funt-sterlinq gəlir əldə etdiyi bildirilən Sienna Rozun nə real səsi, nə görüntüsü, nə də təsdiqlənmiş şəxsiyyəti mövcuddur.
İddialara görə, daha əvvəl “Let Babylon Burn” adlı başqa bir süni intellekt musiqi layihəsini də hazırlayan Robert Lankaster Sienna Roz layihəsinin də arxasında dayanır.
Sienna Roz uzun müddət “Spotify” bioqrafiyasında yalnız “anonim” sənətçi kimi təqdim olunub və onun demək olar ki, heç bir sosial media izi olmayıb. Lakin Hollivud ulduzu Selena Qomezin “Qızıl Qlobus” gecəsində paylaşdığı Instagram postunda Rozun musiqisindən istifadə etməsindən sonra layihə qısa müddətdə qlobal diqqət mərkəzinə çevrilib. Məhz bundan sonra onun insan deyil, süni intellekt məhsulu olması ilə bağlı iddialar sürətlə yayılmağa başlayıb.
Baş verənlərdən sonra “Spotify” süni intellekt məzmunlarına dair yeni qaydalar tətbiq etdiyini açıqlayıb. Platforma mahnılarda süni intellektdən istifadənin açıq şəkildə göstərilməsini məcburi edib, icazəsiz səs klonlarının silinəcəyini və alqoritmləri manipulyasiya etməyə yönəlmiş spam yükləmələrin qarşısının alınacağını bildirib.
Qeyd edək ki, Sienna Roz ötən ilin sentyabrında altı mahnıdan ibarət albom təqdim edib, daha sonra əlavə layihələr yayımlayıb və dekabr ayında “ilk albom” kimi təqdim olunan 10 mahnılı “Honey On The Moon” albomunu dinləyicilərə təqdim edib.
Bəsti Rəfizadə
Sfera.az