Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın onun sülh danışıqlarını ləngitməsi ilə bağlı iradına cavab verib.
"Bəzi məsələlərdə sadəcə ABŞ ilə eyni mövqedə deyilik. Bu, başadüşüləndir, mən dövlətimizin maraqlarını müdafiə edirəm. Mənim fikrimcə, ultimatumlar demokratik münasibətlər üçün işlək olmayan bir modeldir", - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri ilə bağlı bəzi materiallar tezliklə yekunlaşacaq:
"Əgər hər şey yekunlaşdırılarsa, ABŞ tərəfindən razılıq olarsa, sülhə yaxınıq. Çünki inanıram ki, biz öz tərəfimizdən işimizi bitirmişik. Razılıq olarsa, təhlükəsizliklə bağlı sənədləri Davosda imzalamaq mümkün olacaq".
Ukrayna prezidenti, həmçinin qeyd edib ki, bu gün səhər saatlarında Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün son partiya raket paketi çatdırılıb.
"Bu səhərə qədər bir neçə sistemimizdə raket yox idi. Bu gün bunu açıq şəkildə deyə bilərəm ki, artıq bu gün bizdə bu raketlər var", - deyə V.Zelenski vurğulayıb.
Mövzu ilə bağlı danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Zelenskinin səsləndirdiyi fikirlərdə kifayət qədər ciddi və maraqlı mesajlar var.
Onun sözlərinə görə, Kiyevlə Vaşinqtonun mövqeyinin üst-üstə düşməməsi və fikir ayrılıqları kifayət qədər normaldır:
“Çünki ABŞ Şərqi Avropa siyasətində heç də tamamilə Ukraynanın maraqlarından çıxış etmir. Əksinə, Vaşinqton zaman- zaman daha çox Moskvanın maraqlarına uyğun gedişlər gedir. Çünki Ağ Ev Kremllə "körpüləri yandırmaq istəmir". İkincisi isə Tramp başa düşür ki, cəbhədə Rusiya üstünlüyə malikdir. Ona görə də daha çox Ukraynaya təzyiq edir və Rusiya üçün mümkün danışıqları cəlbedici etməyə çalışır. Bu da Zelenskinin narazılığına səbəb olur. İkincisi, Zelenski ölkəsini müdafiə etdiyini deyib. Onun bu açıqlamasından belə qənaətə gəlmək olar ki, Kiyevin geri çəkilmək niyyəti yoxdur. Mümkündür ki, Ukrayna ABŞ-nin təkliflərini məğlubiyyət kimi qiymətləndirir və savaşı davam etdirməyə üstünlük verir”.
K.Novruzov qeyd edib ki, ölkə başçısının "ultimatumlar demokratik münasibətlər üçün işlək olmayan bir modeldir" fikri ABŞ-yə işarədir:
“Zelenski açıq-aydın deyir ki, Vaşinqton Kiyevlə təhdidlə danışır. Üstəlik, o, rəsmi Vaşinqtonu anti- demokratiyada ittiham edir. Həmçinin, Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı razılıqların əldə oluna biləcəyinə və sülhün uzaqda olmadığına işarə vurub. Görünür, mümkün sülh üçün ən ciddi məqamlardan biri ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətləri verməsidir. Hərçənd ABŞ-nin yaxın vaxtlarda tamamilə Ukraynanın arzuladığı təhlükəsizlik zəmanətləri verəcəyi inandırıcı görünmür. Hətta bu olsa belə, Ukrayna ciddi ərazi güzəştinə məcbur ediləcək. Ümumiyyətlə, bütün cəhdlərə rəğmən, müharibənin yaxın vaxtda bitəcəyi inandırıcı deyil”.
Siyasi şərhçi vurğulayıb ki, hava hücumundan HHM-lər Ukrayna üçün kritik əhəmiyyətli amillərdəndir:
“İndiyədək Ukraynanın hava məkanı lazımi səviyyədə qorunmurdu. Bu da itki və dağıntılara səbəb olurdu. Odur ki, indi Ukraynanın bu sistemlərlə təmin olunması ona xeyli üstünlük qazandıracaq, potensial itkilərin qarşısını alacaq. Fikrimcə, Zelenskinin bu məqamı xüsusi vurğulaması heç də təsadafi deyil. O, bununla bir daha demək istəyib ki, Ukrayna hələ davam etməyə hazırdlr və bunun üçün lazımi imkana malikdir”.
Firuzə Əliyeva
Sfera.az