NASA yarım əsrdən artıq fasilədən sonra yenidən Ay ətrafına kosmonavt göndərəcək tarixi “Artemis II “missiyası üçün ən güclü raketini buraxılış meydançasına aparmağa hazırlaşır.
Sfera.az xəbər verir ki, təxminən 10 gün davam edəcək missiya Sakit okeana enişlə başa çatacaq.
“Artemis II” NASA-nın Kosmik Buraxılış Sistemi (SLS) raketinin ikinci uçuşu, ekipajlı olaraq isə ilk sınağı olacaq.
Missiya çərçivəsində “Orion” kapsulunda uçacaq dörd kosmonavt yaşayış təminatı sistemlərini, rabitə əlaqələrini və kosmosda birləşmə manevrlərini test edəcək. Uçuşda NASA kosmonavtları Reid Viseman, Viktor Qlover, Kristina Koç və Kanada Kosmik Agentliyindən Ceremi Hansen iştirak edir.
Bildirilib ki, Kristina Koç Ay orbitindən kənara səfər edən ilk qadın, Viktor Qlover isə ilk qaradərili kosmonavt kimi tarixə düşəcək. Kosmonavtlar Ay səthinə enməyəcək və Ay orbitinə daxil olmayacaqlar. Lakin onlar 1972-ci ildəki “Apollo 17” missiyasından sonra Ay ətrafında uçan ilk insanlar olacaqlar.
NASA rəsmiləri vurğulayıb ki, bu uçuş gələn il Ayın cənub qütbünə enişi nəzərdə tutulan Artemis III missiyası üçün mühüm mərhələdir. Mütəxəssislər isə prosesi ABŞ və Çin arasında 2030-cu ilə qədər davam edəcək yeni kosmik yarış kimi qiymətləndirilib.
Məlumata əsasən, təxminən 100 metr hündürlüyündə olan nəhəng raket şənbə səhəri erkən saatlarda montaj binasından buraxılış meydançasına doğru 4 millik yoluna çıxacaq. Mühəndislər buraxılışdan əvvəl yanacaq doldurulması və geri sayım məşqlərini həyata keçirəcəklər.
Son günlər texniki qrupların raketin uçuşu dayandırma sistemində bükülmüş kabel, “Orion” kapsulundakı nasaz klapan və oksigen nasoslama avadanlığındakı sızmalar üzərində işlədiyi bildirilir. NASA yetkililəri buraxılışın baş tutması üçün bütün texniki proseslərin və hava şəraitinin qüsursuz olmasının vacibliyini qeyd ediblər.
Qeyd olunub ki, əgər buraxılış 6 fevral tarixində baş tutmasa, aprelin ortalarınadək daha 14 fərqli buraxılış pəncərəsi mövcuddur.
Buraxılışdan sonra ekipaj Yer ətrafında iki dövrə vuracaq, daha sonra Ayın qaranlıq tərəfini də əhatə edən geniş səkkiz trayektoriyası ilə geri qayıdacaq. Bu müddətdə kosmonavtlar Günəş alışmalarından qorunmaq üçün hazırlanmış radiasiya sığınacağını və fövqəladə vəziyyət prosedurlarını da sınaqdan keçirəcəklər.
Bəsti Rəfizadə
Sfera.az