Sürix Universitetinin yeni araşdırması maraqlı bir məqama diqqət çəkib. Belə ki, daha yüksək zəkaya malik insanlar, nisbətən daha az zəkalı həmyaşıdları ilə müqayisədə, romantik münasibətlərə daha gec başlayır və daha uzun müddət subay qalırlar.




Sfera.az xəbər verir ki, tədqiqatın həmmüəllifi Maykl Kramer nəticələri şərh edərkən bildirib ki, romantik münasibətə girib-girməmək yalnız şəxsi istəklərlə bağlı deyil. 




Onun sözlərinə görə, təhsil səviyyəsi kimi sosial-demoqrafik amillər, eləcə də psixoloji vəziyyət və rifah hissi bu prosesdə həlledici rol oynayır. Kramer qeyd edib ki, bu faktorlar kimin münasibət quracağını, kimin isə subay qalacağını müəyyən qədər proqnozlaşdırmağa imkan verir.




Araşdırma son illərdə müşahidə olunan “münasibətlərdə tənəzzül” fonunda aparılıb. Belə ki, son 50 ildə ABŞ-da 25–34 yaş arası partnyorsuz yaşayanların payı iki dəfə artıb. Hazırda bu göstərici kişilər arasında 50 faizə, qadınlar arasında isə 41 faizə çatıb.




Tədqiqatçılar Böyük Britaniya və Almaniyada 16-29 yaş aralığında olan 17 mindən çox gənci uzun müddət izləyərək subaylığın əsas risk faktorlarını müəyyən ediblər. Məlum olub ki, ali təhsilli, tək və ya valideynləri ilə yaşayan gənc kişilər, həmçinin öz rifah səviyyəsini aşağı qiymətləndirən şəxslər daha uzun müddət subay qalmaq riski ilə üz-üzədirlər. Əksinə, dostlar və ya mənzil yoldaşları ilə birgə yaşamaq romantik münasibət qurmaq ehtimalını artırır.




Araşdırma eyni zamanda uzunmüddətli subaylığın zehni sağlamlığa mənfi təsir göstərdiyini ortaya qoyub. Belə ki, bu şəxslərdə həyatdan məmnunluq azalır, tənhalıq hissi güclənir və depressiya riski yüksəlir. Bununla belə, ilk ciddi romantik münasibətə başlamağın emosional rifaha əhəmiyyətli dərəcədə müsbət təsir etdiyi vurğulanır.

Maykl Kramer onu da bildirib ki, gənc yetkinlik dövründə uzun müddət subay qalmaq zehni və emosional sağlamlıq üçün müəyyən risklər yaradır. Onun sözlərinə görə, “ideal insan”u çox gözləmək ilk romantik addımı atmağı daha da çətinləşdirə bilər.




Firuzə Əliyeva

Sfera.az