Mütəmadi intim münasibətlərin insanın psixoloji vəziyyətinə müsbət təsir göstərdiyi müəyyən olunub. Aparılan yeni araşdırmaya görə, həftədə bir və ya iki dəfə cinsi əlaqədə olmaq daha stabil zehni sağlamlıq və depressiya riskinin azalması ilə əlaqələndirilir.


 


Sfera.az xəbər verir ki, bu barədə Şandonq Universitetinin professoru Mutonq Çen məlumat verib.


 


Onun sözlərinə görə, araşdırma çərçivəsində 15 mindən çox insanın cinsi fəaliyyəti və psixo-emosional rifah göstəriciləri təhlil olunub.


 


Tədqiqatın nəticələrinə əsasən, həftədə 1–2 dəfə intim münasibətdə olan şəxslər ruhi sağlamlıq baxımından ən yaxşı göstəriciləri nümayiş etdiriblər. Daha az və ya əksinə, həddindən artıq tez-tez cinsi əlaqədə olan iştirakçılarda psixoloji rifah göstəricilərinin bu qədər stabil olmadığı müşahidə edilib.


 


Professor Mutonq Çen bildirib ki, cinsi fəaliyyət ümumi həyat keyfiyyətini və subyektiv rifah hissini artıra bilər. Bu amillər isə zamanla zehni sağlamlığa müsbət təsir göstərir. Lakin alim vurğulayıb ki, bu təsirin dəqiq bioloji və ya psixoloji mexanizmləri hələ tam öyrənilməyib.


 


Araşdırma müəllifi onu da qeyd edib ki, əldə olunan nəticələr birbaşa səbəb-nəticə əlaqəsini deyil, statistik bağlılığı göstərir. İntim həyatın ruhi sağlamlığa real təsir mexanizmlərinin müəyyənləşdirilməsi gələcək elmi tədqiqatların əsas mövzularından biri olacaq.


 


Firuzə Əliyeva

Sfera.az