Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət edib.


 


Sfera.az həmin müraciəti təqdim edir:


 


“Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir. Sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır. Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir.


 


Bu səbəbdən sürücülərdən xahiş edirik:


 


          •         Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin;


          •         Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini mütləq yoxlayın;


          •         Qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə hərəkət edin;


          •         Sürət həddini yol və hava şəraitinə uyğun seçin, təhlükəsiz məsafəni qoruyun;


          •         Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin.


 


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır, təhlükəli yol sahələrində nəzarət və sürücülərlə izahedici söhbətlər davam etdirilir.


 


Unutmayaq: Qarlı havada düzgün şin seçimi sükan arxasında təhlükəsizliyin əsas şərtidir.


 


Yollarda diqqətli olaq, təhlükəsizliyə birlikdə töhfə verək”.