2025-ci ilin 1 fevral tarixindən etibarən Vaşinqton Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Qrenlandiyavə Finlandiyaya qarşı rüsumları 10 %-ə, 1 iyundan isə 25 %-ə qədər qaldıracaq. Bu rüsumlar Qrenlandiyanın qəti və tam satın alınması barədə razılıq əldə olunana qədər tətbiq ediləcək. 




Bəs yeni rüsumlar Avropanı öz mövqeyində dəyişiklik etməyə məcbur edəcəkmi?




Sfera.az-a bu haqda açıqlama verən politoloq Kazım Kazımovun fikrincə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ən qəti fikirlərindən biri Qrenlandiyanı əldə etməkdir:




“O hesab edir ki, Monro doktrinasının əsası olaraq bütün Amerika materiki və ona yaxın ərazilər, o cümlədən Qrenlandiya tamamilə ABŞ-nin hakimiyyəti altında, ən azından nəzarətində olmalıdır. Qrenlandiyanın strateji mövqeyi, torpaq genişliyi, eləcə də sahib olduğu digər imkanlar Trampı daha çox iştahlandırır və o, nə yolla olur-olsun bunu əldə etməyə çalışır. Əlbəttə ki, Qrenlandiyaya hərbi müdaxilə mümkün deyil. Çünki Qrenlandiya hər hansı bir avtoritar dövlət deyil. Onu hər hansı bir şəkildə düşmənləşdirmək qeyri-mümkündür. Məsələn, Venesuelaya müdaxilədə Monronun qeyri-demokratik, avtoritar olduğunu vurğuladı. Hətta Trampdan əvvəlki liderlər 2003-cü ildə İraqa müdaxilədə Səddam Hüseynin kütləvi silaha hazırlaşdığını iddia edirdilər”.


 





Politoloqun sözlərinə əsasən, Qrenlandiya ilə bağlı həmin məsələ mümkün deyil:




“Çünki Qrenlandiya kifayət qədər sivil, demokratik ölkədir. Avropa ölkələri və Avropa İttifaqı qəti şəkildə Qrenlandiyanın Amerikaya təhvil verilməsinə qarşı çıxırlar. ABŞ isə yeni rüsumlar tətbiq etməklə Qrenlandiyanı əldə etmək, Avropa cəbhəsini bölməyə çalışmaq istəyir. Burada əsas məsələ bundan ibarətdir ki, birincisi, Avropa ölkələri həqiqətən də ABŞ-nin bu təzyiqlərinə davam gətirib vahid cəbhədə çıxış etməyə davam edəcəklərmi. İkincisi isə ABŞ daxilində digər qüvvələr hökumət daxili qüvvələr, cəmiyyətlər Trampın bu iqtisadi təzyiq siyasətlərinə necə reaksiya edəcək? Çünki sırf Qrenlandiya üçün 1945-ci ildən bu tərəfə mövcud olan konstruksiyanı Tramp məhv edir. Yəni Avropanın və Amerikanın dərin ittifaqını dağıdır və onu bölməyə çalışır. Bu isə əlbəttə ki, Rusiya və Çin üçün gözlənilən bir fürsətdir. Çünki həm Rusiya, həm də Çinin Avropa ilə bağlı başqa həvəsləri var və onlar gözləyirlər ki, Avropa ilə Amerika daha da uzaqlaşsın. Və bu hadisələrin fonunda sırf Qrenlandiya üçün ABŞ və Avropa İttifaqı pozularsa, dünya artıq yeni bir mərhələyə qədəm qoya bilər”.




Bəsti Rəfizadə

Sfera.az