Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qüvvəyə mindikdən sonra 4,7 milyon uşağın hesabı bağlanıb. Məlumata görə, 10 dekabr 2025-ci ildən etibarən Avstraliya ərazisində fəaliyyət göstərən sosial şəbəkə şirkətləri 16 yaşdan aşağı uşaqlara məxsus azı 4,7 milyon hesabı deaktiv edib və ya silib.
Qeyd edək ki, Azərbaycanda da çoxlu sayda uşağın sosial şəbəkələrdə hesabları var və həmin hesablardan müntəzəm istifadə edilir.
Bəs oxşar qərar Azərbaycanda qəbul edilsə, bu addım əhəmiyyətli olarmı və gənclər bunu necə qarşılayar?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Nizami Orucov bildirib ki, Azərbaycanda belə bir qərar qəbul olunsa, uşaqlar arasında reaksiyalar birmənalı olmaz:
“Xüsusilə yeniyetmələr bunu ilkin mərhələdə məhdudlaşdırma və azadlığa müdaxilə kimi qəbul edə bilər. Çünki sosial şəbəkələr onlar üçün təkcə əyləncə yox, həm də ünsiyyət, özünü ifadə və aidiyyət hissinin əsas mənbəyidir. Qəfil və sərt qadağa narazılıq, gizli istifadə və valideynlərə qarşı müqavimət yarada bilər”.
N.Orucovun sözlərinə görə, psixoloji baxımdan ən sağlam yol tam qadağa yox, strukturlaşdırılmış və balanslı istifadədir:
“Telefon və sosial media gündəlik həyatın mərkəzinə çevrilməməlidir. İstifadə vaxtı yaşa uyğun müəyyən edilməli, xüsusilə dərs saatları və yuxu öncəsi dövrdə məhdudlaşdırılmalıdır. Valideynlər üçün vacib məqam nəzarəti gizli deyil, açıq razılaşma ilə həyata keçirməkdir. Uşaq bilməlidir ki, bu qaydalar ona güvənilmədiyi üçün yox, onu qorumaq üçündür. Alternativ olaraq idman, sosial fəaliyyətlər və real ünsiyyət imkanları artırılmalıdır. Əks halda telefonun əlindən alınması boşluq və daha çox gərginlik yaradar. Əgər Azərbaycanda belə bir qərar gündəmə gəlsə, onun uğuru qadağanın özündən yox, psixoloji yanaşmadan asılı olacaq. Gəncləri kənarda qoyan sərt qərarlar əks təsir yarada bilər. Ən effektiv yol isə valideyn, məktəb və cəmiyyətin birlikdə, izahlı və mərhələli şəkildə telefon və sosial media istifadəsini tənzimləməsidir. Məqsəd texnologiyanı həyatlarından çıxarmaq deyil, onu sağlam şəkildə həyatın bir hissəsinə çevirməkdir”.
Fidan Hacızadə
Sfera.az