“Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2025-ci ili 6,627 milyon manat xalis mənfəətlə başa vurub.
Bu, 2024-cü illə müqayisədə 2,7 % çoxdur.
Ötən il ASB-nin gəlirləri 56,035 milyon manat (əvvəlki ilə nisbətən 8,2 % çox), xərcləri 47,024 milyon manat (6,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 727 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,657 milyon manat (2,6 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə ASB-nin aktivləri 826,188 milyon manat olub ki, bu da illik müqayisədə 6 % çoxdur. Bunun 335,357 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,3 % böyüyüb.
Hesabat dövründə ASB-nin öhdəlikləri 6 % artaraq 697,862 milyon manat, o cümlədən depozit portfeli 2,1 % artaraq 475,581 milyon manat, balans kapitalı isə 6,2 % artaraq 128,356 milyon manat olub.
Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.
Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri Əhməd Gözəldir. O, ötən il vəfat etmiş Abdolbari Gözəlin övladlarından biridir. Əhməd Gözəl həmçinin “Azersun Holdinq” MMC-yə də rəhbərlik edir.
Beləliklə, həm ASB Bank, həm də Azərsun Gözəl ailəsinə məxsusdur. Abdolbari Gözəlin digər oğlu Tahir Gözəl də bu sahədə geniş təmsil olunur. Onu ictimaiyyət əsasən ‘Qarabağ’ futbol klubunun sponsorluğundan tanıyır.