İranın Ali dini lideri Ayətullah Əli Xamenei ölkədəki çətin iqtisadi vəziyyəti açıq şəkildə etiraf edib və dövlət qurumlarına problemlərin aradan qaldırılması üçün daha çox səylə çalışmaq çağırışı verib. O, xüsusilə əsas ərzaq məhsulları, heyvandarlıq üçün yem və digər zəruri əşyaların ölkəyə fasiləsiz çatdırılması üçün əlavə iş görülməsinin vacibliyini vurğulayıb. 




Xameneinin etirafını bir çox xarici ekspert idarəetmənin effektiv olmamasının və dəyişikliyin vacib olmasının göstəricisi kimi də qiymətlənidirir. Onların fikrincə, bu etiraf İranda dövlət idarəetməsində ciddi dəyişikliklərin olacağının xəbərçisidir.  


 


Bəs mövcud rejim islahatlara getsə nəyin dəyişməsinə razı olar? 




Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, İranda hər kəs, eyni zamanda indiki rejimi də anlayır ki, bu ölkəni eyni şərtlər daxilində idarə etmək artıq mümkün deyil:




“Yəni onilliklər boyu İranda həm siyasi, həm hüquqi, həm də sosial-iqtisadi problemlər üst-üstə yığılıb və indiki böhran qarışıq xaos situasiyası yaradıb. Ona görə də siyasi rejim də anlayır ki, İranda ciddi islahatların aparılması qaçılmazdır. Əks halda İranda daha ağır situasiya yarana bilər. Üstəlik, o da aydındır ki, İranda həm siyasi, həm hüquqi, həm iqtisadi, həm də sosial, ümumiyyətlə bütün sahələr üzrə islahatların aparılmasına ehtiyac var. Belə bir genişmiqyaslı islahatlara mövcud rejimin hazır olub-olmaması isə başqa bir problemdir. Çünki genişmiqyaslı islahatlar mövcud rejimin dayaqlarını daha da sarsıda bilər”.


 





Politoloq ölkədə demokratiyaya yaxınlaşma, hüquqi müstəvidə irəliləyiş, siyasi azadlıqların təmin olunması və s. bu kimi faktorların rejimin dayaqlarını zəiflədə biləcəyini qeyd edib:




“Rejim hazırda zorakılıq hesabına hakimiyyəti qoruya bilir və bu ölkədə islahatların aparılmasından sonra bir sıra azadlıqların əldə olunması faktiki olaraq mövcud rejimin təməlinin sarsıdılması deməkdir. Ona görə də hazırda hakimiyyət dairələrinin mövcud problemləri etiraf etməsi İranda islahatların aparılması anlamına gəlmir. Çünki bu, etirazçıları sakitləşdirmək üçün verilmiş bəyanatlar da ola bilər. Ümumiyyətlə, İranda islahatları apara biləcək müasir texnologiyalara bələd, eyni zamanda yüksək idarəçilik qabiliyyətinə malik kadrların olub-olmaması da ciddi suallar doğurur. Yəni hansı tərəfdən yanaşılsa, istənilən halda İranda indiki vəziyyətin hələ uzun müddət davam edə biləcəyini düşünməyə əsas verir”.

 


Fidan Hacızadə

Sfera.az