Bakıdan Sumqayıt istiqamətinə və əks istiqamətə yeni avtomobil yolunun çəkilməsi üçün layihə planı hazırlanır. Layihəyə əsasən, yeni yol mövcud Bakı-Sumqayıt magistralına alternativ kimi nəzərdə tutulur.
Yeni yol istifadəyə verilərsə, bu, Bakı-Sumqayıt yolunda müşahidə olunan tıxacların azalmasına səbəb ola bilərmi?
Mövzuya münasibət bildirən nəqliyyat eksperti Raqif Raufoğlu Sfera.az-a açıqlamasında bildirib ki, layihəyə əsasən, yeni yolun böyük ehtimalla Böyük Şor-Pirşağı yolunun bir qolundan Xırdalan istiqamətinə birləşdirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, əgər bu əlaqə reallaşarsa və yeni yol vasitəsilə sürücülər Dərnəgül və Koroğlu istiqamətlərinə rahat şəkildə çıxa bilsələr, Bakı-Sumqayıt yolunda mövcud tıxac probleminin qismən azalması mümkündür:
“Bu baxımdan əsas diqqət yolun hansı əsas nəqliyyat qovşaqlarına və şəhərdaxili istiqamətlərə çıxış verdiyinə yönəldilməlidir. Alternativ yolun yaradılması ümumilikdə nəqliyyat axınının paylanmasına müsbət təsir göstərə bilər”.
Ekspert qeyd edib ki, bununla yanaşı, yolun effektivliyi sürücülərin gündəlik marşrutlarından birbaşa asılı olacaq:
“Məsələn, yeni yoldan istifadə edən şəxs Pirşağı istiqamətinə çıxsa, lakin iş yeri 20 Yanvar ərazisində yerləşərsə, o, böyük ehtimalla yenə də köhnə marşrutu seçəcək. Eyni zamanda, Yasamal istiqamətinə hərəkət edənlər üçün bu alternativ yolun praktik əhəmiyyəti məhdud qala bilər. Buna görə də layihənin real faydasını dəyərləndirmək üçün yolun əhatə etdiyi ərazilər və təqdim etdiyi çıxış imkanları əvvəlcədən dəqiq müəyyənləşdirilməlidir”.
Niyaz Hacıyev
Sfera.az