Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ərsəyə gəlməsi üçün Çindən “Envision” şirkətinin külək turbinlərinin pərləri təqribən 9200 km məsafə (dəniz və quru) qət edərək Azərbaycana gətirilib. Qeyri-qabarit yüklərin daşınmasında və uzun tranzit boyu yükün təhlükəsiz çatdırılmasında dəniz nəqliyyatının rolu əvəzolunmaz olub.
Sfera.az xəbər verir ki, layihə çərçivəsində gətirilən yüksək texnologiyalı külək turbinləri “Xızı-Abşeron” stansiyasının nəinki quruluşunda, eyni zamanda ölkənin bərpa olunan enerji potensialının artırılmasında mühüm rol oynayır.
Bu, Azərbaycanın enerji keçidini sürətləndirən strateji addımlardan biridir.
Qeyd edək ki,“Xızı-Abşeron” stansiyası Abşeron və Xızı rayonlarında yerləşir və 37 külək turbinindən ibarətdir. Hər biri 6,5 MVt gücündə olan bu turbinlər ümumilikdə 240 MVt quraşdırılmış güc təmin edəcək və ildə təqribən 907 milyon-1 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək ki, bu da 300.000-dən çox evin enerji ilə təmin olunmasına imkan yaradacaq. Layihə həmçinin təxminən 220 milyon kubmetr təbii qazdan qənaət, “yaşıl enerji” istehsalı ilə 400.000-dən çox ton karbon emissiyasının azaldılması təsiri göstərəcək.
Stansiyanın rəsmi açılış mərasimi 2026-cı ilin yanvarın 8-də keçirilib və tədbirdə dövlət rəsmiləri ilə yanaşı energetika sahəsinin nümayəndələri də iştirak ediblər. Açılış mərasimində qeyd olunub ki, bu layihə Azərbaycanın enerji strukturunu şaxələndirərək bərpa olunan enerji mənbələrinin payının artırılmasına yönəlib və ölkənin “yaşıl enerji” strategiyasını dəstəkləyir.
Layihəyə ümumilikdə təxminən 340 milyon ABŞ dolları investisiya qoyulub və onun maliyyələşdirilməsində beynəlxalq maliyyə institutlarının da rolu olub. “ACWA Power” və tərəfdaşları qeyd edinlər ki, “Xızı-Abşeron” külək stansiyası Azərbaycanın enerji təhlükəsizliyini gücləndirəcək, investisiya mühitini daha cəlbedici edəcək və ölkənin bərpa olunan enerji hədəflərinə çatmasına töhfə verəcək.
Bəsti Rəfizadə
Sfera.az