ABŞ Prezidenti Donald Tramp İranla bağlı diqqətçəkən bəyanat verərək ölkənin hazırkı ali lideri Ayətullah Əli Xameneinin hakimiyyətinə son qoyulmasının vacibliyini vurğulayıb və İrana yeni rəhbər axtarmağın vaxtı olduğunu deyib. Tramp çıxışında Xameneini İranın məhv edilməsində və zorakılıqda məsuliyyət daşımaqda ittiham edib, ölkədə uzun sürən kütləvi etirazlar və zorakılıqla bağlı sərt tənqidlər səsləndirib.




Trampın İrana yeni rəhbər axtarmağın vaxtıdır ifadəsi nəyi nəzərdə tutur? 




Sfera.az-a mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar Donald Trampın “İrana yeni rəhbər axtarmağın vaxtıdır” ifadəsinin İranın mövcud siyasi sisteminə və xüsusilə ali lider institutuna yönəlmiş sərt siyasi mesaj olduğunu bildirib. 




Ü.Zülfiqar hesab edir ki, bu açıqlama ilə Tramp göstərmək istəyir ki, rəsmi Vaşinqton İranın problemlərinin bütün sistemi təmsil edən ali liderlik modeli ilə bağlı olduğu qənaətindədir: 




“Xameneinin hədəfə alınmasının əsas səbəbi onun əsas qərarverici fiqur olmasıdır. İran Konstitusiyasına görə ali lider həm ordunun, həm SEPAH-ın faktiki rəhbəridir, həm də əsas strateji qərar verəndir. Bu baxımdan ölkədə uzun illərdir davam edən repressiyalar, etirazların zorakılıqla yatırılması, regional gərginliklər və Qərblə qarşıdurma birbaşa onun adı ilə əlaqələndirilir. Tramp da məhz bu mövqedən çıxış edir. Digər mühüm məqam ondan ibarətdir ki, İranda son illər etirazlar artıq lokal və müvəqqəti xarakter daşımır, sistemli narazılığa çevrilir. Trampın bu açıqlaması həmin daxili narazılıqları beynəlxalq səviyyədə legitimləşdirmək və İran rəhbərliyinə təzyiqi artırmaq məqsədi də daşıyır”.


 





Siyasi şərhçi əlavə edib ki, Trampın bu ritorikası həm də danışıqlar masasında təzyiq aləti kimi istifadə olunur: 




“ABŞ açıq şəkildə bildirir ki, problem təkcə nüvə proqramı və ya sanksiyalar deyil, İranın idarəetmə modelidir. Bu isə Tehrana mesajdır ki, davranış dəyişmədiyi təqdirdə təzyiq yalnız iqtisadi deyil, siyasi və ideoloji səviyyədə də davam edəcək. Düşünürəm ki, Trampın Xamenei ilə bağlı fikirləri spontan emosional çıxışdan daha çox, düşünülmüş siyasi strategiyanın tərkib hissəsidir. Məqsəd daxili narazılığı gücləndirməkdir. Bu yanaşma ABŞ-nin İrana qarşı uzunmüddətli təzyiq strategiyasının yeni, daha açıq mərhələyə keçdiyini göstərir”.




Fidan Hacızadə

Sfera.az