Latviya Bankının sədri Martins Kazaks Britaniyanın “Financial Times” qəzetinə verdiyi müsahibədə Avropanın artıq Rusiya ilə müharibə vəziyyətində olduğu fikrini səsləndirib.


 


Bəs görəsən, bu yanaşma mövcud siyasi reallığı nə dərəcədə əks etdirir?


 


Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, Avropanın Rusiya ilə müharibə etməsi hazırda praktiki olaraq mümkün deyil. Onun sözlərinə görə, buna səbəb qitənin təhlükəsizliyi ilə bağlı ciddi problemlərin mövcud olmasıdır:


 



 


“Rusiya-Ukrayna müharibəsi göstərdi ki, Avropanın müdafiəsi əsasən ABŞ-nin üzərinə düşür. Yəni, əgər Avropa ölkələri NATO-ya üzv olmasaydı, onların təhlükəsizliyi ciddi risk altında olardı. Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsindən sonra Avropanın təhlükəsizliyində böhranlar daha da dərinləşdi. Çinlə bağlı məsələlər, Avropanın Çinlə yaxınlaşması və ABŞ-nin sərt reaksiyası əlavə gərginlik yaratdı. Nəticədə, Avropanın bu gün öz təhlükəsizliyində ciddi problemləri olduğu bir vaxtda Rusiya ilə müharibəyə cəhd göstərməsi əhəmiyyətli risklər doğura bilər”.


 


Politoloq vurğulayıb ki, Avropa ölkələri hazırda Rusiya ilə müharibəyə qadir gücdə deyillər:


 


“Bunun üçün ilk növbədə Avropa İttifaqının müstəqil ordusunun yaradılması və gücləndirilməsi vacibdir. NATO-dan əlavə bu orduya ciddi investisiya tələb olunur. Son zamanlar Fransanın Avropa İttifaqını tərk etməyə hazırlaşması ilə bağlı xəbərlər yayılıb ki, bu da Aİ-nin hərbi müstəqillik planlarını gündəmə gətirir. Yaxın gələcəkdə ya NATO, ya da Avropa İttifaqının dağılması mümkündür – artıq ABŞ NATO-ya əvvəlki marağı göstərmir və NATO Avropanı qoruyacaq gücdə deyil. Bu səbəbdən Rusiya ilə Avropa arasında yaxın perspektivdə müharibə gözlənilmir”.


 


Niyaz Hacıyev


Sfera.az